“Kollektiv danışıqların aparılmasında və müqavilələrin bağlanmasında həmkarlar orqanlarının rolu” layihəsi
İqtisadi Tədqiqatlar Mərkəzi Almaniyanın Fridrix Ebert Fondunun maliyyə dəstəyi ilə “Kollektiv danışıqların aparılmasında və müqavilələrin bağlanmasında həmkarlar orqanlarının rolu” layihəsini həyata keçirir. Layihə Bakıda, Şəkidə və Gəncədə həmkarlar təşkilatlarının üzvləri üçün kollektiv danışıqların aparılması, müqavilələr və sazişlər bağlanması mövzusunda seminarların keçirilməsini nəzərdə tutur. Seminarlarda əmək münasibətlərinin tənzimlənməsi prosesinin iştirakçıları arasında hüquqi normaları müəyyənləşdirən kollektiv müqaviləyə sosial əməkdaşlıq aktı və əmək müqaviləsinin xüsusi forması kimi yanaşılmasından, kollektiv müqavilələrin təsərrüfat subyektlərində və onların stuktur bölmələrində yerinə yetirdiyi funksiyalardan, müqavilə bağlanarkən tərəflərin, xüsusilə də həmkarlar orqanlarının öhdəliklərindən , tərəflər arasında danışıqların aparılması qayda və prinsiplərindən söhbət açılır.
Layihə çərçivəsində “Kollektiv danışıqlar, müqavilələr və sazişlər. Əmək kollektivləri və həmkarlar təşkilatlarının üzvləri üçün Bələdçı” nəşr olunub.
Oktyabrın 19-da layihə çərçivəsində Bakı şəhərində ilk seminar keçirilib. Seminarda Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqına daxil olan ilk həmkarlar təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbiri İTM-in icraçı direktoru Qalib Toğrul açıb. O, layihənin əsas məqsədi, görülən və görüləcək işlər və əldə olunan nəticələr barədə iştirakçıları məlumatlandırıb. Sonra “Azərbaycanda əmək münasibətlətində sosial dialoq, onun rolu, məqsədləri və üstünlükləri” mövzusunda təqdimat etmək üçün soz İTM İdarə Heyətinin üzvü, layihə eksperti Fuad Rəsulova verilib. Təqdimatda əmək münasibətləri sistemində sosial dialoqun yeri, Azərbaycanda bu sahədəki mövcud vəziyyət, həmkarların fəaliyyətini tənzimləyən əsas milli qanunvericilik aktları, Azərbaycanın Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlığı barədə geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan BƏT-ə 1992-ci ildə üzv olub və indiyədək bu təşkilatın əmək hüquqlarının müdafiəsinə, işçilər, işəgötürənlər və həmkarlar təşkilatları arasında müqavilə münasibətlərini tənzimləməyə yönəlik 54 konvensiyasına qoşulub. Bu konvensiyalara uyğun hazırlanmış milli əmək qanunvericiliyi işçilərin işəgötürənin razılığını almadan, könüllülük prinsipləri əsasında istənilən müəssisədə həmkarlar təşkilatı yaratmasına, özlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni maraqlarını qorumaq üçün müvafiq həmkarlar təşkilatlarına daxil olmasına və onun fəaliyyətində iştirak edə bilməsinə imkan verir.
Sonra Mədəniyyət İşçiləri Müstəqil HİRK-nın şöbə müdiri Mirzə Cəfərzadə tədbir iştirakçılarına Baş kollektiv müqavilə, onun bağlanması proseduru barədə ətraflı məlumat verib.
İTM-in eksperti Qalib Toğrul isə “Kollektiv müqavilə, onun imzalanması və tərəflərin qarşılıqlı öhdəlikləri” barədə təqdimat edib. Təqdimatda kollektiv müqavilənin bağlanması zamanı danışıqların aparılması, tələblərin formalaşdırılması , tərəflərin öhdəlikləri, öhdəliklərin yerinə yetirilməsinə nəzarət və qanunvericliyin tələbləri haqqında danışılıb. Sonra layihənin ekspertləri tədbir iştirakçılarının suallarını cavablandırıblar.