Dövlət antiinhisar siyasətinin təkmilləşdirilməsi təklif olunur
9 iyun 2017-ci il tarixində Sahibkarlar Konfederasiyasında "Dövlət antiinhisar siyasətinin səmərəliliyinin artırılması yolları" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi Masa İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul apardığı tədqiqatın nəticələrini təqdim edib. Qalib Toğrul deyib ki, Azərbaycanda dövlət antiinhisar siyasətinin həyata keçirilməsi üçün qanunvericilik bazanın və müvafiq institutların formalaşdırılmasına ötən əsrin sonuncu onilliyində başlanılıb, həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də dövlət antiinhisar siyasətini həyata keçirən qurumun yaradılması müəyyən inkişaf yolu keçib. Dövlət antiinhisar siyasətinin təkmilləşdirilməsi istiqamətində tədqiqatlar aparan İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul hesab edir ki, Azərbaycanda dövlət antiinhisar siyasətinin səmərəliliyinin aşağı olmasını şərtləndirən bir çox amillər var. Bura ilk növbədə, antiinhisar və rəqabət qanunvericiliyinin təkmil olmamasını, antiinhisar siyasətini həyata keçirən dövlət qurumunun statusunun dəqiq müəyyən edilməməsini, qurumun müstəqil olmamasını, antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı konkret işlərə baxan Komissiyanın daim əsaslarla fəaliyyət göstərməməsini, müstəqilliyinin təmin olunmamasını, komissiyanın antiinhisar dövlət tənzimləməsini həyata keçirən orqandan asılılığının mövcudluğunu və şəffaflıq, hesabatlılıqla bağlı problemləri aid etmək olar. Rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi zərurətindən danışan ekspert diqqəti bu sahədə normativ-hüquqi aktların ən zəif yerinə - “hökmran mövqe” anlayışına yönəldib: “Milli qanunvericilikdə hökmran mövqenin müəyyən edilməsi üçün yalnız bir meyardan 35%-lik bazar payından istifadə olunub. Beynəlxalq təcrübədə hökmran mövqe ilə bağlı təsərrüfat subyektinin bazardakı payından əlavə də meyarlar müəyyənləşdirilir. Hətta bəzi inkişaf etmiş ölkələrin antiinhisar qanunverciliyində pay həddi göstərilmir. Bu zaman təsərrüfat subyektinin hökmran mövqeyini müəyyənləşdirmək üçün digər göstəricilər - bazardakı davamlılıq və müstəqil fəaliyyət əsas götürülür”. Ekspertin fikrincə, hökmran mövqe müəyyənləşdirilərkən subyektin mütləq bazar payı ilə yanaşı, ən yaxın rəqib və ya rəqibləri ilə olan bazar payları arasındakı fərqə, yəni nisbi bazar payına da diqqət yetirilməlidir.
Ekspert istehlakçıların mənafelərinin qorunması ilə rəqabətin təmin olunması (antiinhisar) siyasəti arasında əlaqəyə də toxunub. Onun sözlərinə görə, “Antiinhisar fəaliyyəti haqqında” qanunda 7 maddədə “İstehlakçıların mənafelərinə zidd”, “İstehlakçılarımn mənafelərinin pozulması”, “İstehlakçıların mənafelərinə toxunulması”, “İstehlakçıların hüquqlarına ziyan vurulması” anlayışları daxil edilib və bu anlayışlar bəzən rəqabətin məhdudlaşdırılması halları (əlamətləri) kimi təsbit edilib, bəzənsə rəqabətin məhdudlaşdırılması anlayışı ilə eyniləşdirilib. Ekspert Azərbaycan qanunvericiliyində mütləq rəqabət (antiinhisar) hüququ ilə istehlakçıların hüquqlarının qorunması arasında sərhədin müəyyən edilməsini vacib sayıb.
Tədbirdə rəqabət hüququ sahəsində ixtisaslaşmış ekspertlər, sahibkarlar, QHT nümayəndələri iştirak edib. Tədbir CİPE-ın (Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzi) dəstəyi ilə təşkil olunub.