Ünvanlı dövlət sosial yardimı: Mövcud vəziyyətin qiymətləndirilməsi və sosial reabilitasiyaya keçid problemləri
Sosial müdafiəyə ehtiyacı olan təbəqənin yoxsulluq riskindən qorunması üçün dövlətlər müxtəlif iqtisadi və sosial fəaliyyət növlərindən istifadə edir. Yoxsulluqla səmərəli mübarizə üçün birinci növbədə ölkədə yoxsulluq həddinin müəyyən olunması, buna uyğun olaraq yoxsulluq səviyyəsinin hesablanması vacibdir. Yoxsulluq həddi bütün dünyada istifadə olunan çox vacib sosial-iqtisadi anlayışdır. 2006-cı ilin iyuluna kimi Azərbaycanda müxtəlif növ yardım və müavinətləri özündə birləşdirən sosial müdafiə sistemi fəaliyyət göstərib. Ünvanlı dövlət sosial yardımı mexanizminin qurulması üçün isə əvvəlcə 2004-cü ildə «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmin qanuna uyğun olaraq Nazirlər Kabinetinin 23 iyun 2005-ci il, 118 nömrəli qərarı ilə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusunu təsdiq edən «Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi» qüvvəyə minib. Minimum istehlak səbəti əmək qabiliyyətli əhali, pensiyaçılar və uşaqlar üçün hesablanır. Ünvanlı sosial yardım (ÜSY) sisteminin hüquqi tənzimlənməsi üçün 21 oktyabr 2005-ci ildə «Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.....