«2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın monitorinqi: şəffaflıq və səmərəlilik‖ layihəsi üzrə TƏDQİQAT HESABATI
Azərbaycanlı gənclərin dövlət dəstəyi ilə xarici ölkələrdə təhsil alması prosesi müstəqilliyin ilk illərindən başlayıb. Bu prosesdə dövlətin iştirakı ikitərəfli müqavilələr əsasında azərbaycanlı gənclərin xarici ölkələrin təhsil müəssisələrinə göndərilməsi ilə xarakterizə olunub. 1990-cı illərin ortalarına doğru Azərbaycan hökuməti və Təhsil Nazirliyi xüsusilə Türkiyə Respublikasının dövlət qurumları ilə təhsildə əməkdaşlıq sahəsində bir neçə sənəd imzalayıb. Azərbaycan hökuməti 1992-ci ildə Türkiyə Respublikası Xarici İşlər, Milli Təhsil və Dövlət nazirlikləri ilə Niyyət Protokolu, Milli Təhsil Nazirliyi ilə təhsil sahəsində əməkdaşlıq haqqında müqavilə, təhsil və elm sahəsində əhatəli əməkdaşlıq haqqında Protokol, 1994-cü ildə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökuməti ilə təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş, Rumıniya hökuməti ilə elm, təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş, 1996-cı ildə Türkmənistan, 1997-ci ildə isə Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan, Moıldova və digər ölkələrin hökumətləri ilə təhsil sahəsində əməkdaşlıq haqqında sazişlər imzalayıb.