Azərbaycan vətəndaşlarının 01 yanvar 1992-ci il tarixə olan əmanətlərinin bərpası və qaytarılması KONSEPSİYASI
1992-ci ilin 01 yanvar tarixinə keçmiş Azərbaycan SSR-in əmanət bankındakı əmanətlərin bərpası və qaytarılmasına hələ başlanılmasa da, əksər MDB ölkələrində oxşar proseslər artıq başa çatıb. Belə ki, 1995-ci ildə Rusiya Federasiyasında, 1996-cı ildə Qazaxıstanda, 1997-ci ildə Qırğızıstan və Ukraynada, 2002-ci ildə Moldovada əmanətlərin qaytarılması prosesinə start verilib və bu proses uğurla həyata keçirilib. Azərbaycanda isə ölkə vətəndaşlarının 01 yanvar 1992-ci il tarixə qədər olan müddətdə keçmiş Əmanət Bankına qoyduqları vəsaitlərin bərpası və qaytarılması prosesi hələ ki, ləngiyir. İqtisadi Tədqiqatlar Mərkəzi vəziyyəti araşdırarkən məlum olub ki, bununla bağlı müxtəlif dövrlərdə təşəbbüslər olub və müvafiq qanunvericilik aktları təsdiq olunub. Hələ 27 mart 1992-ci ildə Nazirlər Kabineti Azərbaycan Respublikasının Əmanət Bankında əmanətlərin saxlanmasına vətəndaşların marağını artırmaq və müdafiəsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Əmanət Bankında əmanətlərin saxlanılmasına vətəndaşların marağının artırılması haqqında” 151 saylı qərar verib.