Göyçay və Kürdəmirdə Dəyirmi masa keçirilib
İyunun 27-də İqtisadi Tədqiqatlar Mərkəzi Kürdəmir və Göyçay rayonlarında bələdiyyə torpaqlari icarəçiləri, fermerlər, pay torpağı sahibləri üçün Dəyirmi masalar təşkil edib. Dəyirmi masaların təşkilində məqsəd ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə icra olunan “Torpaqların deqradasiyasının təbii və antropogen amilləri: maarifləndirmə və ictimai nəzarət” layihəsi barədə hər iki rayondakı iri torpaq istifadəçilərini məlumatlandırmaq olub.
Dəyirmi masalarda tədbir iştirakçılarına dünyada torpaqların deqradasiyası, eroziyaya məruz qalması ilə bağlı geniş məlumat verilib, respublikamızda mövcud vəziyyətdən danışılıb. Layihənin koordinatoru Qalib Togrul respublikamızın ümumi torpaq fondunun 8 641,5 min hektar olduğunu, torpaq ehtiyatlarının 3.470.823 hektarının bu və ya digər dərəcədə eroziyaya uğradığını bildirib: “Ölkəmizdə 1.421.634 hektar olan suvarılan düzən torpaqların 661 937 hektarı şorlaşmaya, 480 165 hektarı isə şorakətləşməyə məruz qalıb”.
Layihənin koordinatoru layihə çərçivəsində iki rayonda 4 təlimin və 4 tarla təcrübəsinin, “Qoryucu meşə zolaqlarının salınması nümunəsi” aksiyasının, respublika səviyyəsində 20-dək aparıcı qəzet, jurnal və saytların jurnalistləri arasında müsabiqənin həyata keçiriləcəyini, siyasət qərarlarının verilməsinə təsir etmək üçün müvafiq dövlət strukturlarının nümayəndələri arasında vəkilliyin aparılmasının nəzərdə tutulduğunu bildirib.
Sonra layihənin eksperti Vahid Məhərrəmov çıxış edərək layihənin başlıca məqsədinin seçimiş 2 pilot rayonda torpaq istifadəçilərinin (bələdiyyə torpaqlari icarəçilərinin, fermerlərin, pay torpağı sahiblərinin və sair) bilik və bacarıqlarının artırılması, nümunəvi təsərrüfatların idarəetmə təcrübəsinin təbliği vasitəsilə torpaqdan istifadə zamanı eroziyaya, şoranlaşmaya, çirklənməyə qarşı aqrotexniki və qoruyucu tədbirlərin aparılmasını təşviq etməkdən ibarət olduğunu deyib.Ekspert aparılacaq təlimlərin mövzuları, eroziyaya, deqradasiyaya qarşı müdafiə tədbirləri, torpağın mühafizəsinin güclənditilməsi iqtiqamətində həyata keçirilməli tədbirlər, aqrotexniki tələblər barədə tədbir iştirakçılarına məlumat verib, onların suallarını cavablandırıb.
Tədbirin sonunda layihə çərçivəsində ilk təlimin iyulun ortalarında keçirilıməsi qərara alınıb.