İqtisadi Tədqiqatlar Mərkəzi və Avropa İttifaqı Azərbaycanda yerli beyin mərkəzləri üçün yeni layihənin icrasına başlayır
İqtisadi Tədqiqatlar Mərkəzi xarici tərəfdaş Açıq Cəmiyyət üçün İctimai Birliklər Assosiasiyası (PASOS) və yerli tərəfdaş “Kamil Vətəndaş” İctimai Birliyi ilə əməkdaşlıq şəraitində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Beyin mərkəzlərinin qərar qəbulu arenasında rolunun gücləndirilməsi vasitəsi ilə idarəetmənin səmərəliliyinin yüksəldilməsi” layihəsinin icrasına başlayır. Layihə 24 ay ərzində Bakı, Gəncə və Səkidə həyata keçiriləcək. Layihənin məqsədi yerli analitik mərkəzlərin siyasət qərarlarının qəbuluna təsirini artırmaqdır. Buna xarici təlimçilər tərəfindən həyata keçiriləcək analitik mərkəzlərin ekspertlərinin qabiliyyət və bacarıqlarının artırılmasına yönələn təlimlər, eləcə də Avropa İttifaqındakı ən yaxşı təcrübələrin paylaşılması vasitəsi ilə nail olunacaq. Layihənin ali məqsədi Azərbaycanda qeyd olunan vasitələrlə siyasət qərarlarının qəbulunu inhisarlaşmadan azad etməyə töhfə verməkdir. Layihənin icrası zamanı aşağıdakı istiqamətlər üzrə fəaliyyətlər həyata keçiriləcək:
• Azərbaycanda 18 qeyri-hökumət analitik mərkəzin institutsional inkişafına nail olunması və tədqiqat qabiliyyətlərinin artırılması;
• Ölkədə siyasət qərarlarının qəbulunda məlumatlı və məsuliyyətli analitik mərkəzlərin iştirakının gücləndirilməsi.
Layihənin həyata keçirilməsi nəticəsində tədqiqat institutları arasında rəqabət yüksələcək, onların Azərbaycanın siyasət quruculuğunda iştirakının keyfiyyəti artacaq. Layihə müddətində 18 qeyri-hökumət beyin mərkəzinin institutsional və tədqiqat qabiliyyətinin artırılması ilə yanaşı, onların aidiyyəti qurumlar (xüsusi olaraq mərkəzi hökumət və media) arasında əməkdaşlıq modeli qurulacaq.
Əlavə məlumat üçün layihənin koordinatoru Samir Hüseynovla aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz: tel: (+99412) 4651847,
E-mail: office@erc-az.org