Quba və Xaçmaz bələdiyyələrinə təlim keçilib
12 iyun 2012-ci ildə İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) həyata keçirdiyi, GİZ-in maliyyələşdirdiyi “Azərbaycanın şimal bölgəsinin 10 bələdiyyəsində strateji planlaşdırma, büdcə tərtibi və maliyyə idarəçiliyində şəffaflığı və hesabatlılığı yaxşılaşdırmaq” layihəsi çərçivəsində Xaçmaz Rayonu Xaçmaz Şəhər Bələdiyyəsinin konfrans zalında “Yerli vergilərin hesablanması, qeydiyyatı və ödənilməsi” mövzusunda Quba və Xaçmaz rayonlarında yerləşən 10 tərəfdaş bələdiyyənin üzv və qulluqçuları üçün təlim keçirilib.
Təlim Vergilər Nazirliyinin Qubada yerləşən 3 saylı Regional İdarəsinin əməkdaşları – Tərlan Qafarov və Fuad Ağayev tərəfindən aparılıb.
Təlimdə Quba rayonunun Vəlvələ, Talabıqışlaq, Timiryazev, İqrığ və Digah-Xucbala, Xaçmaz rayonunun isə Pirquluoba, Qımılqışlaq, Aşağı Zeyid, Ləcət və Gödəkli bələdiyyələrinin nümayəndələri iştirak ediblər. Təlimə xüsusi qonaq kimi Xaçmaz Şəhər Bələdiyyəsinin Vergi Departamentinin rəhbəri Rövşən Qasımov da qatılıb.
3 saat davam edən təlimdə (10.00-13.00) torpaq, əmlak və digər yerli əhəmiyyətli vergi və ödənişlərin qanunvericilik əsasları, onların hesablanması, ödənilməsi, uçotu, eyni zamanda, yerli vergi ödəyicilərinin uçota alınması məsəslələri ilə bağlı təlim iştirakçılarına geniş məlumat verilıib. Təlim interaktiv əsasda aparılıb, suallar təlimçilər tərəfindən cavablandırılıb, rəylərin dinlənilməsi, fikir mübadiləsi, təcrübələrin paylaşılmasına fasilitator tərəfindən şərait yaradılıb.
Təlim zamanı Xaçmaz Şəhər Bələdiyyəsinin Vergi Departamentinin rəhbəri Rövşən Qasımov təmsil etdiyi bələdiyyənin vergilərin toplanması ilə bağlı təcrübəsindən danışıb. İştirakçıların böyük marağına səbəb olan təcrübə ətrafında geniş müzakirələr aparılıb. Xüsusilə, respublikanın bütün bələdiyyələri üçün böyük problem olan əmlak vergisinin hesablanması ilə bağlı ciddi disskusiya gedib. Rövşən Qasımov qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyanın tələb olunmadığını, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı il tarixli fərnmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”nda qiymətləndirmə fəaliyyətinin nəzərdə tutulmadığını əsasə gətirərək əmlakın qiymətləndirilməsinin Xaçmaz Şəhər Bələdiyyəsinin mütəxəssisi tərəfindən aparıldığını, bunu üçün mütəxəssislərin iştirakı ilə metodiki tövsiyənin hazırlandığını bildirib. Metodiki tövsiyədə qiymətləndirmə zamanı ərazinin İnfrastuktur dəyərinin (tikintinin yerləşdiyi ərazidə yolun vəziyyəti, qaz kəmərinin, elektrik xəttinin , telekommunikasiya xətlərinin su kəmərinin və kanalizasiyanın mövcudluğu, məişət tullantılarının daşınması vəziyyəti və sair), Ticarət-şəhər dəyərinin (ekoloji vəziyyət, nəqliyyatın sıxlığı, ticari fayda və sair) və Prestij dəyərinin (yaşayış massivinin qəyəri, mərkəzi idarələrin yerləşməsi vəziyyəti və sair) nəzərə alınır. Bununla yanaşı, tikilinin material kateqoriyası (konstruksiya materialı, kərpic, daş, kubik, şifer, dəmir və sair) və memarlıq dəyəri də (sovet dövründə inşa olunmuş, modern, memarlıq üslubu və sair) əsas götürülür.
Tədbirin gedişində Xaçmaz Bələdiyyəsinin tərtib və istifadə etdiyi Metodiki tövsiyənin surəti gələcək fəaliyyətlərində faydalanmaq üçün tədbir iştirakçılarına paylanılıb.
Təlimin gedişində ödənilməmiş, gecikdirilmiş vergilərin toplanması ilə bağlı fikir mübadiləsi aparılıb. Bələdiyyə sədrləri bu istiqamətdə öz təcrübələrini bölüşüblər. Öz növbəsində, təlimçilər də bələdiyyələrə vergilərin toplanması ilə bağlı praktiki məsləhətlər veriblər.