İTM “Milli mühasibat uçotu standartları əsasında bələdiyyələrdə mühasibat uçotunun təşkili” adlı metodiki vəsait nəşr edib.
Bakı şəhəri, 06 noyabr 2012
İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) “Milli mühasibat uçotu standartları əsasında bələdiyyələrdə mühasibat uçotunun təşkili” adlı metodiki vəsait nəşr edib. Kitab Mərkəzin Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının(GİZ) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın şimal bölgəsinin 10 bələdiyyəsində strateji planlaşdırma, büdcə tərtibi və maliyyə idarəçiliyində şəffaflığı və hesabatlılığı yaxşılaşdırmaq” layihəsi çərçivəsində nəşr olunub.
Noyabrın 6-da İTM kitabın təqimatına həsr olunmuş tədbir təşkil edib. Tədbirdə aidiyyəti dövlət orqanları, Milli Məclis, beynəlxalq təşkilatlar, KİV təmsilçiləri, həmçinin yerli mütəxəssislər və bələdiyyə üzvləri iştirak ediblər. Tədbirdə çıxış edən İTM İdarə Heyətinin üzvü Qubad İbadoğlu Şimal bölgəsində reallaşdırılan layihə çərçivəsində görülən işlər, vəsaitin nəşrini zəruri edən amillər barədə iştirakçıları məlumatlandırıb, kitabı hazırlayan mütəxəssisi iştirakçılara təqdim edib. GİZ-in Yerli özünüidarəetmə proqramının Azərbaycan üzrə qrup rəhbəri Katarina Lampe təmsil etdiyi təşkilatın İTM-lə iki ilə yaxındır uğurlu əməkdaşlıq etdiyini, Şimal bölgəsindəki 10 bələdiyyədə maliyyə -mühasibat sahəsində işlədiklərini qeyd edib: “Yaxşı maliyyə idarəçiliyi çox geniş mövzudur. Mənim üçün bu, şəffaflıq və hesabatlılıq deməkdir.”
Vəsaiti hazırlayan ekspert, Auditorlar Palatasının üzvü Altay Cəfərov kitabı iştirakçılara təqdim edib. Bildirib ki, kitab bələdiyyələrdə mühasibat uçotunun aparılması sahəsindəki mövcud ziddiyyətli durumun aradan qaldırılması məqsədi ilə nəşrə hazırlanıb: “Biz tez-tez bələdiyyələrdə audit aparırıq. Görürük ki, bu sahə ən ciddi problemlər olan sahədir.” Ekspert bildirib ki, vəsaitdə bələdiyyə orqanlarında nümaunəvi uçot siyasətinin qurulmasının prinsipləri, Milli mühasibat uçotu standartları əsasında mühasibat uçotunun aparılması qaydaları müqayisəli şəkildə geniş şərh olunub. Nəşrdə bələdiyyələrdə mühasibat uçotunun aparılması nümunəvi formaların və misalların köməyi ilə ilkin sənədləşmələrdən tutmuş analitik və sintetik uçota kimi işıqlandırılıb. Bundan əlavə, memorial order, qruplaşdırma və dövriyyə cədvəlləri, bələdiyyə orqanlarının təqdim etməli olduqları hesabat formaları, hesabat formalarına izahedici qeydlər barədə də misallar vasitəsilə ətraflı məlumat verilib.
Təqdimatdan sonra çıxış edən İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev mühasibat uçotunun bələdiyyələrin fəaliyyətində ən çox boşluqların olduğu sahə kimi xarakterizə edib. Onun sözlərinə görə, vəsait Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi, bələdiyyə ixtisasları üzrə təhsil verən ali təhsil müəssisələri və nəhayət, bələdiyyələrin özləri üçün çox zəruri olan bir nəşrdir: “Bu baxımdan, kitabın daha çox sayda nəşr olunması vacibdir.”
Milli Məclisin üzvü Tahir Rzayev İTM-in bələdiyyələrlə effektiv əməkdaşlıq etdiyini, Mərkəzin təklif və tövsiyələrinin real vəziyyəti əks etdirdiyini bildirib: “Bələdiyyələr hələ çox gənc strukturlardır, ona görə də biz hamımız onlara dəstək verməliyik. Lakin bu yaxınlarda açıqlanan Avropa Şurasının Yerli özünüidarəetmə haqqında xartiyası əsasında hesabatda Azərbaycandakı vəziyyət təhrif olunub. Problemlər, əlbəttə ki, var, çoxdur. Lakin onların aradan qaldırılması üçün də iş aparılır və bunu danmaq olmaz. Təsadüfi deyil ki, ötən ildən başlayaraq bələdiyyələrin maliyyə toplaması sahəsində ciddi artımlar qeydə alınıb.”
Tədbirdə həmçinin Maliyyə Nazirliyi, Auditorlar Palatası, ATƏT, ACYF və vətəndaş cəmiyyəti institutlarının nümayənədləri çıxış ediblər.
İTM İctimaiyyətlə əlaqələr departamenti