“Vətəndaş cəmiyyətinin gücləndirilməsi” layihəsinə yekun vurulub
27 dekabr 2012-ci ildə Park İn hotelində İqtisadi Tədqiqatlar Mərkəzi Açıq Cəmiyyət İnstitutunun Budapeşt ofisinin və Alman Marşal Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətəndaş cəmiyyətinin gücləndirilməsi” layihəsinin yekunları üzrə mətbuat konfransı keçirmişdir. Konfransa zamanı layihə çərçivəsində ötən 1 il ərzində görülmüş işlərlə bağlı mətbuata hesabat verən, layihənin əlaqələndiricisi, İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu bildirdi ki, layihə 3 komponentdən ibarət idi: qanunvericiliyin təkmilləşdirilməsi (1); QHT-lərin qeydiyyatı ilə bağlı məhkəmə çəkişməsi (2); və vəkillik (3).
Qubad İbadoğlu media mənsublarının diqqətini ilk növbədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlərə çəkərək, qeyd etdi ki, hüquqşünas ekspertlər tərəfindən “Azərbaycanda vətəndaş çəmiyyəti: dəyişikliklər üçün Milli Gündəlik” (bundan sonra Milli Gündəlik), QHT-lərin iqtisadi fəaliyyəti ilə bağlı Vergi Məcəlləsi üzrə Təkliflər Paketi və Azərbaycan Respublikasının QHT qanunvericiliyinin beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsinə dair dəyərləndirmə hesabatı hazırlanaraq. Sonra natiq layihə çərçivəsində aparılmış tədqiqatdan çıxan nəticələrin, tapıntı və tövsiyələrin Azərbaycan Respublikası Milli Məclisinə, Ədliyyə Nazirliyinə, Maliyyə Nazirliyinə, Vergilər Nazirliyinə və QHT-lərə dövlət dəstəyi şurasına təqdim olunması və alınan cavablar barədə jurnasilistlərə məlumat verildi. O qeyd etdi ki, Maliyyə Nazirliyinə tədqim etdikləri təkliflərdən biri illik qrant dövriyyəsi 12.000 manata qədər olan QHT-lərin maliyyə hesabatlığının sadələşdirilməsi olub. Maliyyə Nazirliyindən alınan cavabda illik qrant dövriyyəsi 5.000 manata qədər olan QHT-lərin maliyyə hesabatlığının sadələşdirilərək fərqləndirilməsi üçün müvafiq dəyişiklər olunacağı bildirilib.
Qubad İbadoğlu layihə çərçivəsində Ədliyyə Nazirliyinə müraciətdən sonra qeydiyyatında 2 dəfə imtina olunmuş 10 QHT-nin qeydiyyatının bərpa olunması ilə bağlı müvafiq məhkəmə orqanları qarşısında qaldırdıqları iddiaya dair məlumat verərək, bidlirdi ki, birinci instasiya məhkəmədə heç bir iddia təmin olunmayıb. Hazırda bu işlərin bir çoxu appelyasiya məhkəməsindədir, digərlərinin sənədi isə ora təqdim olunmaq üçün hazırlanır.
Sonda jurnalistlərə layihə çərçivəsində həyata keçirilən vəkillik tədbirləri barədə geniş məlumat verildi. Bununla əlaqədar olaraq bildirildi ki, ilk dəfə olaraq yerli QHT-lərin, dövlət orqanları, beynəlxalq təşkilatların geniş iştirakçılığı ilə 1-ci Vətəndaş Cəmiyyəti Forumu keçirilmış və Forumda həmçinin Milli Gündəlik təqdim olunmuşdur. Milli Gündəliyin 09 avqust 2012-ci ildə Şəki, 10 avqust 2012-ci ildə Gəncə və 11 sentyabr 2012-ci ildə Quba şəhərlərində yerli QHT-lər üçün təqdimatlar keçirilmişdir. Bununla yanaşı, Azərbaycanda vətəndaş cəmiyyətinin durumu mövzusunda ANS televeziyasının “İqtisadi Forum” verilişində, regionda vətəndaş cəmiyyətinin hazırkı durumu mövzusunda 15 avqust 2012-ci ildə Yevlaxın ELTV kanalının “İndiki zaman” verilişində, 16 avqust 2012-ci ildə Kəpəz televeziyasının “Femida” proqramında, 17 avqust 2012-ci Şəki şəhərində STV kanalında “Sosial həyat” verilişində çəkilişlər aparılıb.
Layihə çərçivəsində Bakıda yerli və xarici ekspertlərin iştirakı ilə 2 dəfə Dəyirmi Masa keçirilib. Birinci dəfə Azərbaycan Respublikasının QHT qanunvericiliyinin beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsinə dair, 2-ci dəfə isə Türkiyəli ekspert TUSEV-in təmsilçisi Həyati Şahin iştirakı ilə QHT-lərin iqtisadi fəaliyyəti ilə bağlı müzakirələr keçirilib.
Layihənin son fəaliyyətlərindən bəhs edən Qubad İbadoğlu hazırda Milli Gündəliyə vətəndaş və QHT-lərin ictimai dəstəyini nümayiş etdirmək üçün imzatoplama kampaniyasının keçirildiyini də açıqladı.