MSŞT Koalisiyası şirkətlərin davranışından narahatdır
Qubad İbadoğlu: “Azərbaycan fərdi hesabatlığa keçmədiyinə görə öz mövqelərini
digər ölkələrə uduza bilər”
“2011-ci ili əhətə edən hesabatları təhlil edib tutuşduracaq audit şirkətinin seçilməsilə bağlı müzakirə apardıq və Çoxtərəfli Qrup üzvləri bu işin “"Mur Stefens" (Moore Stephens) şirkətinə həvalə olunmasına qərar verdi”.
Bunu Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Çoxtərəfli Qrupun üzvü Qubad İbadoğlu ÇQ-nin son iclasında müzakirə olunmuş məsələlərə dair açıqlama verərkən deyib. Azərbaycanda MSŞT üzrə Beynəlxalq Konfransın keçirilməsi məsələsinin də müzakirə olunduğunu deyən Q.İbadoğlu bununla bağlı konkret qərar qəbul olunmadığını bildirib: “Növbəti iclasda bu məsələyə yenidən baxılacaq. Gündəlikdə Memorandumun yekun variantı və onun qəbulu məsələsi də nəzərdə tutulmuşdu. Ancaq şirkətlər qrupunun yekun mövqeyi məlum olmadığından sənədin yekun variantı və onun qəbulu məsələsi də növbəti iclasa qədər təxirə salındı. Bununla bağlı qərara alındı ki, martın 1-də ÇQ-nin işçi qrupu bir araya gəlsin və Memorandumun yekun variantı razılaşdırılaraq ÇQ-nin növbəti iclasına təqdim olunsun. Bundan başqa, sosial ayrılmaların MSŞT üzrə hesabatlara daxil olması məsələsi də müzakirə olundu. Bu, vətəndaş cəmiyyətinin təklifidir və artıq müəyyən dəyəyrləndirmələr də olub. Qərara alındı ki, növbəti iclasa qədər şirkətlər qrupu yekun mövqeyini ortaya qoysun”.
Q.İbadoğlunun sözlərinə görə, icasda 2011-ci ili əhatə edən hesabatın tərtibatı, MSŞT üzrə Beynəlxalq İdarə Heyətində qəbul olunmuş qərarlar, MSŞT sahəsində informasiyaya çıxış imkanlarının artırılması, kontraktların şəffaflığının təmin olunması, məlumatların web səhifədə yerləşdirilməsinə dair işlərin sürətləndirilməsi kimi məsələlərə də diqqət yönəldilərək müvafiq qərarlar qəbul olunub.
Şirkətlərin fərdi hesabatlığa keçidi məsləsinə tonan ÇQ üzvü qeyd edib ki, fərdi hesabatlığa keçməyə hazır olan şirkətlərin sayı bunun əleyhinə olan şirkətlərin sayından azdır. Buna görə də aparılan müzakirələrin yumşaldılması zərurətindən çıxış edən MSŞT Koalisiyası təkliflə çıxış edib: “Memorandumda yazıla bilər ki, şirkətlər fərdi qaydada və könüllü şəkildə öz hesabatlarını açıqlaya bilərlər. Hazırda şirkətlər arasında bu istiqamətdə müzakirələr gedir. Bizdə olan məlumata görə, demək olar ki, bütün şirkətlər təkliflə razıdırlar. Yalnız bir şirkətlə razılaşma ləngiyir. Deyilənə görə, yaxınlarda həmin şirkətlə də müzakirələr başa çatdırılacaq. Amma bu, bütövlükdə fərdi hesabatlığa keçid anlamına gəlmir. Sadəcə olaraq bir bəyanatdır ki, hansı şirkət istəsə fərdi hesabatı könüllü şəkildə təqdim edə bilər.
Bu gün dünyada fərdi hesabat açıqlayan 10-dan çox MSŞT ölkəsi var. Biz çox istərdik ki, Azərbaycanın da adı bu sırada olsun. Azərbaycan fərdi hesabatlığa keçmədiyinə görə öz mövqelərini digər ölkələrə uduza bilər. Biz də təbii ki, bundan narahatıq. Amma bütün hallarda fərdi hesabatlığa keçidlə bağlı fəaliyətimizi və səylərimizi davam etdirəcəyik”.