Qubad İbadoğlu Beyrutda keçirilən beynəlxalq konfransda neft gəlirlərinin idarəedilməsi barədə çıxış edib
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İdarə Heyətinin sədri Qubad İbadoğlu Gəlirlərə Nəzarət İnstitutunun dəstəyi ilə Beyrutda təşkil olunmuş “Gəlirlərin idarəedilməsi” mövzusunda konfransda iştirak edib. Konfransda Yaxın Şərqin neft və qazla zəngin olan ölkələrindən Kuveyt, Bəhreyn, Mərakeş, İraq, Tunis, Yəmən, Suriya, Əlcəzair, Liviya, Misirlə yanaşı Qazaxıstan və Azərbaycanın da nümayəndələri iştirak edib.
Konfransın ilk günündə İTM rəhbəri “Azərbaycanda neft gəlirlərinin idarəedilməsi təcrübəsi” barədə təqdimatla çıxış edərək neft gəlirlərinin idarəedilməsi və bölüşdürülməsi sahəsindəki mövcud vəziyyəti xarakterizə edib, rəhbəri olduğu Mərkəzin bu sahədə apardığı tədqiqatların tapıntılarını və nəticələrini açıqlayıb. Neft gəlirlərinin idarəedilməsi prosesini tənzimləyən təkmil hüquqi bazanın, fiskal qaydaların olmamasının və mərkəzi hakimiyyətin müdaxiləsinin korporativ menecment sisteminə neqativ təsirlərindən danışan Qubad İbadoğlu qeyd edib ki, indiyə qədər Azərbaycan neft gəlirlərindən 65 milyard dollar qazanıb ki, onun da 35,2 milyard dolları xərclənib, 29,8 milyard dolları isə yığıma yönəldilib.
Bildirib ki, ötən il idarəetməyə verilən 30 milyard dollara qədər neft gəlirlərindən əldə edilən qazancın həcmi 215 milyon dollar olub ki, bu da illik 0,7 faiz deməkdir. İldən-ilə idarəetmədən əldə edilən gəlirlərin faiz dərəcəsinin aşağı düşməsinin səbəblərindən bəhs edən Q. İbadoğlu qeyd edib ki, gəlirlərin toplandığı Dövlət Neft Fondu neft gəlirlərinin idarəedilməsindən 2007-ci ildə 4,5 faiz, 2008-ci ildə 3,8 faiz, 2009-cu ildə 3,6 faiz, 2010-cu ildə 0,8 faiz, 2011-ci ildə isə 0,7 faiz qazanc əldə edib.
Çıxışı zamanı Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün tətbiqi sahəsində Azərbaycanın qazandığı nailiyyətlərlə yanaşı, hazırda qarşılaşdığı əsas çətinliklərdən də bəhs edən Qubad İbadoğlu bu istiqamətdə dəyişikliklərin zəruriliyini diqqətə gətirib və öz təkliflərini konfrans iştirakçılarının nəzərinə təqdim edib.
İTM rəhbəri həmçinin konfransda Azərbaycanda neft gəlirlərinin idarəedilməsi prosesində vətəndaş cəmiyyəti institutlarının, parlamentin iştirakı, vətəndaşların bu gəlirlərdən bəhrələnməsi imkanları barədə sualları cavablandırıb.
İTM İctimaiyyətlə əlaqələr departamenti