“Azərbaycanda vətəndaş çəmiyyəti: dəyişikliklər üçün Milli Gündəlik” mövzusunda 1-ci Vətəndaş Cəmiyyəti Forumu keçirilib
Mayın 17-də Park İnn otelinin Dan Ulduzu konfrans zalında Almaniyanın Marşal Fondunun və Açıq Cəmiyyət İnstitutunun Budapeşt ofisinin maliyyə dəstəyi ilə “Azərbaycanda vətəndaş çəmiyyəti: dəyişikliklər üçün Milli Gündəlik” mövzusunda 1-ci Vətəndaş Cəmiyyəti Forumu keçirilib. Tədbirin təşkilatçısı İctimai Təşəbbüslər Mərkəzidir. İctimai Təşəbbüslər Mərkəzi (İTM) bu ilin may ayının 10-da təsis olunub. Mərkəzin təsisçilərindən biri tanınmış iqtisadçı, eyni zamanda, Şərq Tərəfdaşlıq Proqramı üzrə Vətəndaş Cəmiyyəti Forumunun Milli Platformasının aparıcı üzvlərindən Qubad İbadoğludur.Tədbirdə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı və gücləndirilməsi məqsədilə hazırlanmış təkliflərdən ibarət Milli Gündəlik təqdim olunub. Milli Gündəlik qeyri-hökumət təşkilatlarının qeydiyyatı, fəaliyyəti, bu sahədəki vergiqoyma və qərarların qəbulunda ictimai iştirakçılıqla bağlı təklifləri əhatə edir.
Tədbiri İTM-in sədri Qubad İbadoğlu açıb, 1-ci Vətəndaş Cəmiyyəti Forumunun keçirilməsi məqsədlərindən, tədbirdə əhatə olunacaq məsələlərdən danışıb. Sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura tədbir iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Tədbirin gedişində Mərkəzin sədri Qubad İbadoğlu «Azərbaycanda vətəndaş cəmiyyətinin durumu” mövzusunda tədqimat edib. Təqdimatda vətəndaş cəmiyyəti institutlarının mövcud vəziyyətinə toxunulub, problemlər və çıxış yolları barədə söhbət açılıb.
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağirov isə Azərbaycanda vətəndaş çəmiyyəti üçün Milli Gündəliyi təqdim edib. Təqdimatdan sonra çıxışlar olub.
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev bəzi dövlət qurumlarının QHT-lərin qeydiyyatı və fəaliyyəti ilə bağlı milli qanunvericlik aktlarında nəzərdə tutulmamış, əsassız tələblər irəli sürməsi məsələsinə toxunub. İntiqam Əliyevin fikrincə, burda məqsəd vətəndaş cəmiyyəti institutunun güclənməsinin qarşısını almaqdır.
Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli Milli Gündəlikdə irəli sürülən təkliflərin qanunverciliyə uyğunlaşdırılması barədə danışıb.
Millət vəkilləri Rasim Musabəyov və Qüdrət Həsənquliyev vətəndaş cəmiyyəti institutlarının zəif olması ilə bağlı səsləndirilən fikirlərlə razılaşmadıqlarını bildirib, son vaxtlar bu sektorun gücləndiyini vurğulayıblar.
Tədbirin gedişində qərara alınıb ki, təqdim olunan Milli Gündəliyin üzərində işləmək üçün Məşvərət Qrupu yaradılsın və nəzərdə tutulan təkliflərin reallaşdırılması istiqamətlərini əhatə edən tədbirlər planı hazırlansın.
Qeyd edək ki, tədbirdə dövlət orqanlarının, parlament üzvlərinin, yerli və beynəlxalq qeyri-hökümət təşkilatlarının, xarici ölkə səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndələri və media təmsilçiləri iştirak edib.
İctimai Təşəbbüslər Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsi