Prezident Yanında Komissiya İqtisadi Tədqiqatlar Mərkəzinin təklifini həyata keçirdi
İqtisadi Tədqiqatlar Mərkəzinin daha bir təklifi dövlət qurumları tərəfindən müsbət qarşılanaraq icrası ilə bağlı sərəncam verilib. Belə ki, “İqtisadiyyat” yenidən «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın prioritet ixtisas istiqamətləri siyahısına əlavə edilib. Bu barədə qərarı Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya 57 saylı, 25.05.2012-ci il tarixli Sərəncamı ilə verib.
Xatıırladaq ki, İqtisadi Tədqiqatlar Mərkəzinin ekspert qrupunun ötən ilin sonunda xaricdə təhsillə bağlı adıçəkilən Dövlət Proqramının həyata keçirilməsi istiqamətində apardığı tədqiqat nəticəsində Proqramın səmərəliliyinin artırılması, ondan daha çox iddiaçının bəhrələnməsi, qoyulan hədəflərə vaxtında çatılması, şəffaflıq və hesabatlılığın gücləndirilməsi ilə bağlı müvafiq dövlət qurumlarına Tövsiyələr Paketi təqdim etmişdi. Tövsiyələr Paketində bir neçə il əvvəl prioritet ixtisaslar siyahısından çıxarılan “İqtisadiyyat” ixtisasının yenidən siyahıya salınması ilə bağlı təklif də vardı.
Qeyd edək ki, Dövlət Proqramına 4 saylı əlavədə dünyada gedən inkişaf perspektivləri, elmi-texniki potensialın inkişafı və ölkənin inkişaf strategiyası və prioritetləri nəzərə alınmaqla sahələrə görə ehtiyacların pillələr üzrə (ixtisasartırma, bakalavr, magistr, ordinatura, rezidentura, doktor) müəyyənləşdirilməsi ildə bir dəfə olmaqla Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına tapşırılıb.
2012/2013-cü tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün prioritet ixtisaslara “İqtisadiyyat”la yanaşı aşağıdakı ixtisaslar da salınıb: biologiya, fizika, informasiya texnologiyaları, kənd təsərrüfatı, kimya, qədim dillər, mühəndislik, nanotexnologiya, neft sənayesi, riyaziyyat, tibb, turizm.