Milli Büdcə Qrupunun üzvü, iqtisadçı-alim Qubad İbadoğlunun “Yeni Müsavat” qəzetinə müsahibəsi
- Siyasi partiyaların maliyyələşməsi məsələsinin gələn ilə qalacağı haqqında xəbərlər var. Bildirilir ki, səbəb büdcədə vəsait çatışmazlığıdır. Dövlət büdcəsi may ayında bir daha parlamentin müzakirəsinə çıxarıldı. Sizcə, bu səbəbin əsası varmı?
- Heç bir əsası yoxdur. Çünki 2012-ci ilin birinci yarısında dövlət büdcəsinin icrasına dair məlumatlarda göstərilib ki, büdcədə 1 milyard 24 milyon 900 min manatdan artıq vəsait yaranıb. Bu, o deməkdir ki, büdcə vəsaitləri proqnozlaşdırıldığı qədər xərclənməyib, gəlirlər xərclərdən çox olub. 1 milyarddan artıq vəsait siyasi partiyaların maliyyələşməsi üçün lazım olandan dəfələrlə böyük rəqəmdir. Problem maliyyə problemi deyil. Mövcud qanunvericiliyə görə, gələn ilin büdcəsinin formalaşdırılması bu ilin fevralında başlayır. Ola bilər, 2012-ci ilin büdcəsi 2011-ci ilin fevralında hazırlanmağa başlayanda siyasi partiyaların maliyyələşməsi ilə bağlı qərar yox idi. Hökumət və prezident tərəfindən büdcənin hazırlanması prosesi oktyabrın 15-də başa çatır. Bundan sonrakı 2 ay ərzində büdcəyə dəyişikliklər parlamentdə müzakirə edilərək qəbul olunur. Ona görə də düşünürəm ki, formal səbəbi yalnız büdcə planlamasında xərc maddəsinin nəzərə alınmaması ilə bağlı ola bilər. Amma bu, əsas səbəb deyil. Bildiyiniz kimi, çoxdan bəri müzakirə edilsə də əmanətlərin qaytarılması üçün də büdcədə vəsait nəzərdə tutulmamışdı. Ancaq bununla bağlı siyasi qərar olduğu üçün hökumət onun icrası ilə bağlı tədbirləri qısa zamanda həyata keçirə bildi. Əgər siyasi partiyaların maliyyələşməsi ilə bağlı siyasi qərar olsaydı, hökumət bunu büdcədə əlavələr və dəqiqləşdirmələr aparmaqla həyata keçirə bilərdi. Azərbaycan büdcəsində hər il az qala minlərlə dürüstləşdirmələr, dəqiqləşdirmələr aparılır. Odur ki, 1 milyardan çox vəsaitin mövcud olduğu büdcədə siyasi partiyaların maliyyələşdirilməsinin vəsait çatışmazlığı ucbatından növbəti ilə qədər ertələnməsi əsas səbəb deyildir. Burada yalnız siyasi səbəb axtarmaq gərəkdir.
- Ötən ilin və bu ilin 6 ayının büdcə xərcləri ilə bağlı proqnozlar nə qədər doğrulub?
- Bu ilin 6 ayında büdcənin mədaxili proqnozdan yüksək icra olunub - 106,2 faiz. Ötənilki ilə müqayisədə eyni dövrdə dövlət büdcəsinə 2,5 milyard manatdan çox vəsait daxil olub. Xüsusən Vergilər Nazirliyi xətti ilə artım daha yüksək olub. Nəticədə, gəlirlər hissəsində proqnoz özünü artıqlaması ilə doğruldub. Səbəblərdən biri ilin birinci hissəsinin yarısında neftin qiymətinin yetərincə yüksək olmasıdır. Bundan başqa, “Eurovision” ərəfəsində büdcəyə qeyri-neft sektorundan təzyiqlər nəticəsində daxilolmalar çoxalmışdı.
Xərclər hissəsinə gələndə isə bu proqnozlar özünü doğrultmayıb. Çünki Azərbaycan hökuməti proqnozlaşdırdığı xərcləri olduğu kimi yerinə yetirmir. Bu, artıq tendensiyaya çevrilib, hər il təkrar olunur. Biz Milli Büdcə Qrupu olaraq, ötən ilin büdcəsində bu məsələni araşdırdıq. Bəlli oldu ki, ötən ilin büdcəsində də təhsil, səhiyyə, sosial yönümlü, eləcə də sosial müdafiə xərclərinin icra səviyyəsi büdcənin ümumi icra səviyyəsindən geri qalır. 2011-ci ilin dövlət büdcəsində təhsil xərcləri 93 faiz, elm xərcləri 92 faiz, səhiyyə xərcləri 89 faiz, amma tikinti xərcləmələri 99,8 faiz icra olunub. Göründüyü kimi, burada yenə də büdcə vəsaitləri üzərində sərəncam vermək hüququ üstün olan qrupların maraqları önə çıxır. Hansı istiqamətlərdə daha çox mənimsəmələr mümkündür, orada büdcənin icrası daha yüksək səviyyədə həyata keçirilir. Praktika göstərir ki, büdcənin əsas xərcləmələri ilin ikinci yarısına təsadüf edir. Ona görə də dövlət büdcəsinin xərclər hissəsinin icrasında mütənasiblik qorunmur. Məsələn, 2011-ci ilin dövlət büdcəsinin təhlili zamanı aydın oldu ki, xərclərin 31,6 faizi ilin birinci yarısında həyata keçirilib. Mütənasiblik olsaydı, bu rəqəm 50-nin ətrafında olmalıydı. Dövlət büdcəsinin 43,6 faizi ilin dördüncü rübündə xərclənib. Xərcləmələrin orta aylıq statistik səviyyəsi ötən il 1,78 milyard manat olduğu halda yalnız dekabrda bundan 3,12 dəfə çox - 4 milyard vəsait xərclənib.
Dekabr ayında həyata keçirilən xərclərin strukturuna baxanda aydın olur ki, dəftərxana və təsərrüfat xərcləri üçün il ərzində ayrılmış büdcənin 21,8 faizi, mətbəə xərclərinin 23,9 faizi, kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər xərclərin 24,7 faizi yalnız dekabr ayında xərclənib. Bu o deməkdir ki, məsələn, il ərzində 100 manat dəftərxanaya pul verilsə, hər aya təxminən 8 manat düşürsə, o əvvəlcə tələbata uyğun xərclənir, qalıq yaranır, ilin sonunda isə bəlli olur ki, həmin xərc maddəsi üzrə 22 manat qalıb. Onun da bir ay ərzində, yəni dekabr ayında 8 manatını xərcləyib, 14 manatını da silirlər. Bu o deməkdir ki, dekabrda büdcə qurumları ehtiyaclarından 3 dəfə artıq vəsait xərcləyiblər. Bu, yalnız xərclər öncədən düzgün proqnozlaşdırılmadıqda baş verə bilər. Çünki əks tədqirdə mümkün deyil ki, dekabrda orta səviyyədən 3 dəfə çox dəftərxana və təsərrüfat materialları alınsın, 3 dəfə çox nəşr olunsun, 3 dəfə çox internetə və rabitəyə pul xərclənsin. Beləliklə, xərcləri ilin sonunda silir, vəsaiti isə mənimsəyirlər. Azərbaycan büdcəsinin icrasında çox ciddi problemlər var. Bunu illərdir aparılan təhlillərlə sübut etmişik.
- İnvestisiya büdcəsinin xərclənməsində nələr müşahidə edilir?
“Hakimiyyət daxilində büdcədən daha çox pay almaq uğrunda nəinki mübarizə, hətta müharibə gedir”
- Ötən ilin büdcəsində ilkin olaraq 503 investisiya layihəsinin maliyyələşdirilməsi və bu məqsədlə 3 milyard 380 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdu. İl ərzində bu layihələrin sayı 830-a çatdırıldı. 3,4 milyardı da, 5,8 milyardı da əvəz etdilər. Bu vəsaitin xərclənməsi üçün 72 qurum müəyyənləşdirilmişdi. Sonradan həmin təşkilatların sayı 130-a, layihələrin isə sayı 966-a çatdırılıb. Buna görə də Nazirlər Kabineti ilin əvvəlində verdiyi sərəncama il ərzində 30 dəfə dəyişiklik edib. Bu, çox biabırçı bir haldır ki, NK öz sərəncamına 1 ildə 30 dəfə dəyişiklik edir, sifarişçilərin adını dəyişir, məbləği dəyişir, obyektlər üzrə müxtəlif yerdəyişmələr edir. Bu, yalnız korporativ və korrupsiya maraqlardan irəli gəlir. Hakimiyyət daxilində büdcədən daha çox pay almaq uğrunda nəinki mübarizə, hətta müharibə gedir. Ayri-ayrı nazirliklər, dövlət komitələri bunu Nazirlər Kabinetinin qərarlarında dəyişilliklər etdirməklə nümayiş etdirirlər. Özünə hörmət edən hökumət bu qərarı ilə bir dəfə verər. Dəyişiklik olsa da 1, ya 2 dəfə olar. Ancaq Azərbaycan hökuməti il ərzində eyni bir sərəncama 30 dəfə dəyişiklik edir. Bunu nə ilə izah etmək olar? Özü də bu, yalnız 2011-ci ilə aid tendensiyası deyil. Son 5 ildə Nazirlər Kabineti hər il investisiya layihələri ilə bağlı hesabatlarını ildə orta hesabla 25-30 dəfə dəyişdirir. Bundan başqa, müşahidələr onu göstərir ki, hər bir nazirlik investisiya layihələrini daimi olaraq eyni şirkətlərlə həyata keçirir. Əslində isə bu, ayrı-ayrı qurumlar olmalı və tender əsasında müəyyənləşdirilməlidir. Digər bir məsələ. Büdcədə qeyri-maliyyə aktivləri adlı bir bölmə var. Ötən il qeyri-maliyyə aktivlərinin alınması xərcləri ümumi xərclərin 46 faizinə bərabər olub. Bu, özündən əvvəlki illə müqayisədə 10,1 faiz çoxdur. 2011-ci ildə bu bölmə üzrə xərcləmələr 7 milyard olub. Qeyri-maliyyə aktivlərinə yönəldilən xərclərin ildən-ilə artması guya daha çox maşın və avadanlıq alınması kimi izah edilir, ancaq bu satınalmaların dəyəri həmişə şişirdilir. Əslində isə bu bölmə üzrə xərclər ildən-ilə azalmalıdır. Çünki hər hansı maşın, ya avadanlıq davamlı olaraq hər il alına bilməz, bu il alınanda 3-5 il ondan istifadə edilir. Bizdə isə bu bölmə üzrə xərcləmələr hər il artırılır. Bu tendensiya dövlət büdcəsindən səmərəsiz istifadənin göstəricisidir. Başqa bir məsələyə də diqqətinizi çəkmək istərdim, 2011-ci ilin dövlət büdcəsinin əmək haqqı hissəsində icra səviyyəsi ümumi səviyyədən 3,5 faiz az olub. Bununla bağlı rəsmi açıqlama belədir ki, dövlət büdcəsindən maliyyələşən qurumlarda vakant vəzifələr var. Belə çıxır, dövlət idarəetməsində iş yeri var, ancaq işçi tapa bilmirlər. Araşdırma apardıq, bəlli oldu ki, 2011-ci il dövlət büdcəsinin əməyin ödənişi bölməsində nəzərdə tutulmuş 121,2 milyon vəsait xərclənməyib. Bu vəsaitlə 27 445 nəfərə il ərzində 2011-ci il üçün orta aylıq əmək haqqı səviyyəsində məvacib verilməsi mümkün idi. Ancaq vəsait xərclənməyib. Əgər vəsait varsa, işsizliklə bağlı belə ciddi problemlər yaşanan dövrdə nədən biz onu xərcləmirik? Ona görə ki, sonradan bu vəsait başqa istiqamətlərə ötürülür - məsələn, tikintiyə. Diqqət edin, elm bölməsində xərcləmələrə 92 faiz əməl olunub. Bir tərəfdən deyirik elm xərcləri azdır, digər tərəfdən də ayrılan vəsait sona kimi xərclənmir. Ancaq tikinti üzrə bütün xərcləmələr az qala 100 faiz yerinə yetirilir.
- Büdcəyə ictimai nəzarət mexanizmləri nə qədər işləkdir?
“Vətəndaş hesab edir ki, büdcə onun yox, dövlətindir, özü bilər necə xərcləyir. Ancaq vətəndaş cibindəki pulu gündə bir neçə dəfə sayırsa, büdcə pullarını da elə saymalıdır”
- Demək olar, ictimai nəzarət imkanları yoxdur. Əslində bu işin araşdırılması ilə Hesablama Palatası məşğul olmalıdır. Çünki Hesablama Palatası Ali Nəzarət orqanıdır. Qurumun 2011-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyi öncəki illərlə müqayisədə daha təkmildir. Lakin Hesablama Palatasının rəyində bütün bölmələr üzrə xeyli ciddi faktlar aşkarlansa da, nədənsə investisiya bölməsində daha çox ümumi məlumatlar verilir. Əslində belə olmalı deyil, çünki ötən il investisiya xərcləri ümumi büdcənin 38 faizini təşkil edib. Yəni ötənilki büdcənin 16 milyard xərc hissəsinin 7 milyarda qədəri investisiya xərclərinə ayrılıb. Odur ki, Hesablama Platasının rəyində investisiya büdcəsinə dair hissə əsas bölmə kimi verilməlidir. Bu rəydə həqiqətən də diqqəti çəkən məqamlar var. Lakin onlar Hesablama Palatası audit yoxlamaları ilə ortaya çıxarılmayıb, daha çox ststistik təhlil nəticəsində ortalığa qoyulub. Bu bir tərəfdən palatanın peşəkar komandasının olmasını təsdir edirsə, digər tərəfdən, onun ali nəzarət orqanı kimi hələ də “sifarişlə” işlədiyinə dəlalət edir. HP-in rəyində aşkara çıxarılan problemlərə münasibətdə tez-tez “”əvvəlki illərdə verilən müvafiq rəylərdə göstərildiyi kimi" ifadəsi işlədilir. Bu o deməkdir ki, büdcəyə nəzarət edən ali orqanın tövsiyələrini hökumət nəzərə almır. Nəzərə alsaydı, hər il eyni məsələlərlə bağlı eyni iradlar ortaya çıxmazdı. Bu, Hesablama Palatasının acizliyinin göstəricisidir, bu qurumun potensialı yüksək olsa da hazırkı statusu belə məsələlərdə ciddi dəyişikliklər etməyə imkan vermir. Hesab edirəm ki, hökumət HP-nin tövsiyələrini diqqətdə saxlamalıdır, onların nəzərə alınması büdcədən xərcləmələrin səmərəliliyini və şəffaflığını yüksəldə bilər. Vətəndaş cəmiyyəti institutlarının nəzarətinə gəlincə, burda yük daha çox medianın və QHT-lərin üzərinə düşür. Bu sahədə sistemli işləyən Milli Büdcə Qrupudur. Ancaq Milli Büdcə Qrupu yalnız büdcə rəyləri hazırlayır, monitorinqlər aparmır, çünki bunun üçün onun maliyyə dəstəyi yoxdur. Ancaq büdcəyə nəzarət yalnız Hesablama Palatasının, Milli Büdcə Qrupunun, medianın deyil, həm də hər bir vətəndaşın işidir. Hər bir vətəndaş bilməlidir ki, büdcə onundur. Bu gün polis də, ordu da, məmur da vətəndaşların malik olduğu sərvətlərin satışından gələn gəlirlərin, vətəndaşların ödədikləri verginin hesabına fəaliyyət göstərir. Bu, həm də bir qədər məlumatsızlıq məsələsidir. Çünki əgər media ara-sıra büdcə ilə bağlı məsələləri gündəmə gətirirsə, televiziyada belə müzakirə açmaq imkanları məhduddur, buna şərait yaradılardısa, cəmiyyət büdcəyə dair xeyli məlumatlanardı, bilərdi ki, dövlət pulları hara və necə xərclənir, onu kimlər xərcləyir. Digər tərəfdən də bəzi vətəndaşlarımız hesab edir ki, büdcə onun yox, dövlətindir, özü bilər necə xərcləyir. Ancaq bu, yanlış yanaşmadır. Ancaq vətəndaş cibindəki pulu gündə bir neçə dəfə sayırsa, büdcə pullarını da elə saymalıdır. Bu məsələ hər bir Azərbaycan vətəndaşının marağında olmalıdır. Başqa bir tərəfdən də vətəndaşlar görəndə ki, onun bu prosesdə iştirakının heç bir təsiri yoxdur, qərarlar yenə də hökumətin monopoliyasındadır, onda onun bu prosesdə iştiraka marağı da qalmır. Elə hökumət də bunu arzulayır. Ona görə də bu gün dövlət büdcəsi vətəndaş nəzarətindən kənarda qalaraq, ciddi mənimsəmələrlə icra olunur.