Azərbaycan postneft dövrünə hazırlaşmalıdır
Oktyabrın 2-də İqtisadi Tədqiqatlar Mərkəzinin konfrans zalında postneft dövrünün iqtisadi inkişaf modellərinə həsr olunmuş müzakirələr təşkil edilib. İqtisadçılar, ekspertlər və sosial-iqtisadi sahədə çalışan QHT rəhbərlərinin iştirak etdiyi tədbirdə akademik Rafiq Əliyev təbii sərvətlərlə zəngin olan ölkələrdə iqtisadiyyatın birtərəfli inkişafının qarşısını almaq, irihəcmli gəlirlər axınının dayanmasından sonra iqtisadi inkişafın dayanıqlığına nail olmaq üçün uğurla tətbiq edilən iqtisadi modellər barədə təqdimatla çıxış edib.
Təqdiamtda bildirilib ki, hər hansı iqtisadi inkişaf modelinin yaradılması üçün istifadə olunan məlumatların, rəqəmlərin reallığı əks etdirməsi əsas şərtdir. Belə ki, qeyri-dəqiq, siyasi ideologiyaya uyğunlaşdırılmış rəqəmlər əsasında qurulan model heç bir effekt verə bilməz. R.Əliyev Azərbaycanda da postneft dövrünə hazırlaşmağın gərəkdiyini və ölkə iqtisadiyyatının inkişafını təmin edəcək iqtisadi inkişaf modelinin qurulmasının vacib olduğunu qeyd edib. O, belə bir modelin yerli və bacarıqlı xarici ekspertlər tərəfindən hazırlanmasının mümkün olduğu fikrindədir. Təqdimatdan sonra iştirakçılar mövzu ətrafında müzakirələr aparıblar. Müzakirələrdə iqtisadi modelləşmə təklifinə alternativ olaraq Azərbaycanda ilk öncə əsl liberal bazar prinsiplərinin bərqərar edilməsinin, iqtisadiyyatın bütün sektorlarının inkişafına şərait yaradılmasının, yalnız bundan sonra irəli çıxan sahələrin dövlət tərəfindən dəstəklənməsinin lazım gəldiyi vurğulanıb. Modelləşmənin tərəfdarı olan iştirakçılar isə eyni vaxtda bütün sahələrin inkişafı üçün bərabər imkanların yaradılmasının mümkün olmadığını, buna görə də dövlət dəstəyi alacaq sahələrin əvvəlcədən müəyyənləşdirilməsinin gərkdiyini bildiriblər. Tədbir bu səpkili müzakirələrlə davam etdirilib.
İTM İctimaiyyətlə əlaqələr departamenti
Bakı şəhəri, 02 oktyabr 2012