Bələdiyyə gəlirlərində ciddi artım baş verib
2012-ci ilin ilk altı ayında ölkə bələdiyyələrinin gəlirlərində artım müşahidə edilib. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci yarımilində ölkədə fəaliyyət göstərən 1718 bələdiyyənin büdcəsinə 16 milyon 755 min 400 manat vəsait daxil olub. Bu vəsaitin 68%-i ilin ikinci rübündə formalaşıb. Beləliklə də yerli büdcənin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 23% artmış olub. Maraqlıdır ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Bakı və Naxçıvan MR yerləşən bələdiyyələr istisna olmaqla, ölkənin bütün iqtisadi regionlarında yerləşən yerli özünüidarəetmə orqanlarının gəlirlərində artım qeydə alınıb. İqtisadi regionlar arasında ən çox artım Gəncə-Qazax regionunda yerləşən bələdiyyələrin payına düşür. Belə ki, bu regionun bələdiyyələri hesabat dövründə 2037.0 min manat büdcə gəliri əldə ediblər ki, bu da əvvəlki ilin müvafiq göstəricilərinə nisbətən 60% çoxdur.
Bu faktı dəyərləndirən İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Rəcəb İmanov bələdiyyə büdclərindəki artımı müsbət hal hesab etdiyini bildirib: “Ölkə bələdiyyələrinin gəlirlərinin formalaşmasında əsas pay yerli özünüidarə orqanları üçün nəzərdə tutulmuş qeyri-vergi gəlirlərinə məxsusdur. Bu gəlir növünün yerli büdcələrdə payı 10597.2 min manat – yaxud ümumi büdcənin 63%-dən çoxdur ki, bunun da 41%-ni bələdiyyə əmlakının və torpağın özəlləşdirilməsindən və icarəyə verilməsindən gələn gəlirlər təşkil edir. Ötən ilin müvafiq dövrünə nisbətdə bu ilin ilk yarısında bələdiyyə mülkiyyətinə daxil olan əmlakın istifadəsindən gələn gəlirlər 3 dəfədən, sanatoriya-kurort, mehmanxana və turizmdən gələn gəlirlər isə 2 dəfədən çox olub. Lakin bu gəlir növlərinin bələdiyyə büdcələrində payları çox azdır – müvafiq olaraq 0.1% və 0.7%. Sevindirici hal odur ki, bələdiyyələrin ən çox problemli sahələrindən biri olan yerli əhəmiyyətli mədən vergisinin toplanmasında əvvəlki illərə nisbətən nəzərəçarpacaq irəliləyişlər olub. Belə ki, ölkə bələdiyyələri yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisindən 296.4 min manat vəsait cəlb etmişlər ki, bu da ötən ilin müvafiq dövründə olan gəlirlərdən 73% çoxdur və ümumi büdcədə payı 1.8%-ə bərabərdir.”
R.İmanov qeyd edib ki, ölkədə fəaliyyət göstərən yerli özünüidarəetmə orqanları bu ilin ilk yarısında formalaşdırdıqları 16755.4 min manat vəsaitin 15815.8 min manatını xərcləyiblər: “Xərclənən büdcə formalaşan büdcənin 94%-i həcmindədir. Xərclərin 7935.0 min manatı yerli özünüidarəetmə orqanlarının saxlanılmasına sərf edilib. Bu xərc maddəsinin ümumi büdcədə xüsusi çəkisi 50.2%-dir. Bundan əlavə, xərclərin 4228.4 min manatı mənzil-kommunal təsərrüfatına, 1577.0 min manatı nəqliyat və rabitə, 1577.0 min manatı isə yolların təmiri və saxlanılması xərcləridir. Qeyd etdiyimiz son üç xərc maddəsi ümumilikdə yerli büdcədə 46% paya malikdir.”
İTM İctimaiyyətlə əlaqələr departamenti