Qiymətlər statistikası -oktyabr
İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Azərbaycanın 10 regionunda 2012-ci ilin oktybar ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir. Aparılmış statistik müşahidələrin nəticələrinə görə, oktyabr ayında Azərbaycanda 1,96 faiz inflyasiya qeydə alınıb. Müşahidələr göstərib ki, ötən ay ölkənin istehlak bazarında bütün mal və xidmət qrupları üzrə artım baş verib. Belə ki, ay ərzində ərzaq məhsullarının qiyməti 2,46 faiz, qeyri-ərzaq məhsullarının qiyməti 1,18 faiz, xidmət tarifləri isə 1,64 faiz bahalaşıb. Sentyabr ayına nisbətdə oktyabr ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 2,71 faiz , regionlarda isə 1,23 faiz bahalaşıb. Bu zaman ərzaq məhsullarının qiyməti Bakıda 3,23 faiz, regionlarda 1,69 faiz, qeyri-ərzaq məhsulları müvafiq olaraq 2,30 faiz və 0,09 faiz, xidmət tarifləri isə 1,85 faiz və 1,44 faiz artıb. Ay ərzində ən çox üzüm (13,78 faiz), ayrı-ayrı ev sahiblərinin mənzilinin icarəsi (13,64 faiz), sümüklü mal əti(doğranmış, çəkidə)(7,67 faiz), sümüklü qoyun əti(6,12 faiz), toyuq(2,25 faiz) bahalaşıb. Ağ kələm (13,41 faiz), şabalıd (12,74 faiz), qoz (6,82 faiz), alma (1,61 faiz) isə ucuzlaşıb. Hesablamalar göstərib ki, 2012-ci ilin on ayında ölkədə 6,06 faiz, o cümlədən Bakıda 9,59 faiz, regionlarda isə 2,59 faiz inflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 8,76 faiz, xidmətlər 4,64 faiz, qeyri-ərzaq məhsulları isə 1,68 faiz bahalaşıb. Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 8,96 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 13,23 faiz, regionlarda isə 4,76 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya həmişəki kimi ərzaq məhsullarında(14,02 faiz) olub. Qeyri-ərzaq məhsullarında 1,16 faiz, xidmətlərdə isə 6,07 faiz artım baş verib. İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında oktyabr ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 167,43 manat, pensiyaçılar üçün 150,84 manat, 0-14 yaşlı uşaqlar üçünsə 205,24 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 103,10 manat, pensiyaçılar 92,37 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 112,61 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 38,85 manat, pensiyaçılar üçün 35,86 manat, 0-14 yaşlı uşaqlar üçün 73,90 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib. Xatırladaq ki, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” Qanun əsasında ölkədə 2012-ci il üçün yaşayış minimumu 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib.
İTM İctimaiyyətlə əlaqələr departamenti