ATƏT-in Bakı ofisinin dəstəyi ilə Göyçayda qoruyucu meşə zolağı salınıb
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) 05 dekabr 2012-ci ildə ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə icra olunan “Torpaqların deqradasiyasının təbii və antropogen amilləri: maarifləndirmə və ictimai nəzarət” layihəsi çərçivəsində qoruyucu meşə zolağının salınması aksiyasını keçirib. Qoruyucu meşə zolağı Göyçay rayonu Potu Bələdiyyəsinin ərazisində yerləşən sahənin kənarında salınıb.
Ağaclar əkilməmişdən İqtisadi Tədqiqiatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov aksiya iştirakçılarına qoruyucu meşəşə zolaqlarını əhəmiyyəti haqqında geniş məlumat verib, ağacların necə, hansı ardıcıllıqla əkilməsi barədə danışıb.
Sonra tədbirdə iştirak edən kənd təsərrüfatı mütəxəssisləri aksiyanın əhəmiyyətindən danışıb, İqtisadi Tədqiqiatlar Mərkəzinə və ATƏT-in Bakı ofisinə minnətdarlıqlarını çatdırıbıar. Onlar torpaq sahiblərinin maarifləndirilməyə böyük ehtiyacları olduqlarını vurğulayıb, belə tədbirlərin gələcəkdə də davam etdirilməsi haqda arzularını səsləndiriblər.
Sonra ağacların əkilməsinə başlanılıb. Qeyd edək ki, aksiya zamanı ATƏT-in Bakı ofisinin İqtisadiyyat və Ətraf Mühit şöbəsinin rəhbəri Emmanuel Huntzinger, şöbənin əməkdaşı Zəhra xanım Əhmədova, Göyçay Rayon İcra Hakimiyyətinin Aqrar məsələlər şöbəsinin məsləhətçisi Həmid Həbibov, İTM-in layihə əlaqələndiricisi Qalib Toğrul, İTM-in eksperti Vahid Məhərrəmov da ağac əkiblər
Meşə zolağının salınması aksiyasında Potu Bələdiyyəsinin, xüsusilə gənclərdən ibarət olan sakinləri, aqronomlar, torpaq sahibləri, torpaq icarəçiləri və bələdiyyə üzvləri fəal iştirak ediblər.
Aksiyada bələdiyyə ərazisindəki əkin sahəsinin kənarına külək eroziyasının qarşısının alınması üçün 120 ədəd ağac əkilib.