Qubad İbadoğlu Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun beynəlxalq İdarə Heyətinə üzv seçilib.
Azərbaycanın 25 yerli qeyri-hökumət təşkilatının (QHT-lərin) nümayəndəsi noyabrın 29-30-da İsveçin paytaxtı Stokholmda Şərq Tərəfdaşlıq Proqramı üzrə keçirilən 4-cü Vətəndaş Cəmiyyəti Forumunda (VCF) iştirak edib. Forumda 30 -a qədər ölkənin vətəndaş cəmiyyətindən 200-dək nümayəndə iştirak edib. Forumun plenar iclasında Avropa Komissiyasının Genişləndirmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Stefan Füle, İnsan haqları üzrə BMT Şurasının vitse-sədri Kristian Ştroxal, İsveçin Avropa Birliyi üzrə naziri Birqitta Ohisson, Polşanın dövlət katibi Karatzina Petçinska-Naleçs, Moldova Xarici İşlər Nazirinin müavini Nataliya German və başqaları çıxış edib.
Forumda Azərbaycan nümayəndə heyəti siyasi, iqtisadi, ekoloji, sosial və digər istiqamətlər üzrə panel müzakirələrinə qoşulub və ölkədə vəziyyəti xarakterizə edən çıxışlar edib. Forumda həmçinin növbəti 1 il üçün İdarə Heyəti formalaşdırılıb. Forumun gedişində keçirilən seçkilər zamanı İctimai Təşəbbüslərə Yardım Mərkəzinin sədri Qubad İbadoğlu katibliyi Brüssüldə yeləşən Vətəndaş Cəmiyyəti Forumunun beynəlxalq İdarə Heyətinin üzvü və Azərbaycan üzrə Platformanın milli əlaqələndiricisi seçilib. Forumun yeni formalaşan İdarə Heyətinə Avropa Birliyi və Şərq Tərəfdaşlıq ölkələrinin vətəndaş cəmiyyətinin 19 nəfər nümayəndəsi yenidən seçilib. Forumun İdarə Heyətində Azərbaycan, Ermənistan, Moldova, Belarus 1 nəfərlə, Gürcüstan 3 nəfərlə, Ukrayna 4 nəfərlə təmsil olunacaq, yerdə qalan 8 yeri isə Avropa Birliyinə üzv olan beynəlxalq təşkilatlar tutacaq. Ötən il Forumun İdarə Heyətində Azərbaycan 2 nəfərlə təmsil olunub. İdarə Heyətinin əvvəli tərkibində 2 il üzv olduğuna görə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vuqar Bayramov qaydalara müvafiq olaraq yenidən namizədliyini irəli sürməyib.
Forumun İdarə Heyəti gələn ilin əvvəlində Brüsseldə toplanacaq. Forumun növbəti il üçün fəaliyyət planında Cənubi Qafqaz ölkələrində prezident seçkilərinin monitorinqini başlıca yer tutacağı gözlənilir.
Vətəndaş Cəmiyyəti Forumunun ictimaiyyətlə əlaqələr şöbəsi