İqtisadi Tədqiqatlar Mərkəzi “Vətəndaş cəmiyyətinin gücləndirilməsi” layihəsini yekunlaşdırıb
27 dekabr 2012-ci ildə Park İNN mehmnxanasında İqtisadi Tədqiqatlar Mərkəzi Açıq Cəmiyyət İnstitutunun Budapeşt ofisinin və Alman Marşall Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətəndaş cəmiyyətinin gücləndirilməsi” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. Konfrans zamanı layihə çərçivəsində ötən 1 il ərzində görülmüş işlərlə bağlı mətbuata hesabat verən layihənin əlaqələndiricisi, İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu bildirib ki, layihə 3 komponentdən ibarət olub: qanunvericiliyin təkmilləşdirilməsi (1); QHT-lərin qeydiyyatı ilə bağlı məhkəmə çəkişməsi (2); və vəkillik (3).
Qubad İbadoğlu media mənsublarının diqqətini ilk növbədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlərə çəkərək qeyd edib ki, hüquqşünas ekspertlər tərəfindən “Azərbaycanda vətəndaş çəmiyyəti: dəyişikliklər üçün Milli Gündəlik” (bundan sonra Milli Gündəlik), QHT-lərin iqtisadi fəaliyyəti ilə bağlı Vergi Məcəlləsi üzrə Təkliflər Paketi və Azərbaycan Respublikasının QHT qanunvericiliyinin beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsinə dair dəyərləndirmə hesabatı hazırlanıb. Sonra natiq layihə çərçivəsində aparılmış tədqiqatdan çıxan nəticələrin, tapıntı və tövsiyələrin Azərbaycan Respublikası Milli Məclisinə, Ədliyyə Nazirliyinə, Maliyyə Nazirliyinə, Vergilər Nazirliyinə və QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim olunması və alınan cavablar barədə jurnasilistlərə məlumat verib. Qeyd edib ki, Maliyyə Nazirliyinə tədqim olunan təkliflərdən biri illik qrant dövriyyəsi 12.000 manata qədər olan QHT-lərin maliyyə hesabatlığının sadələşdirilməsi olub. Maliyyə Nazirliyindən alınan cavabda illik qrant dövriyyəsi 5.000 manata qədər olan QHT-lərin maliyyə hesabatlığının sadələşdirilərək fərqləndirilməsi üçün müvafiq dəyişikliklər olunacağı bildirilib.
Q.İbadoğlu layihə çərçivəsində Ədliyyə Nazirliyinə müraciətdən sonra qeydiyyatından 2 dəfə imtina olunmuş 10 QHT-nin qeydiyyatının bərpa olunması ilə bağlı müvafiq məhkəmə orqanları qarşısında qaldırılan iddiaya dair məlumat verərək bidlirib ki, birinci instansiya məhkəmədə heç bir iddia təmin olunmayıb. Hazırda bu işlərin bir çoxu appelyasiya məhkəməsindədir, digərlərinin sənədi isə ora təqdim olunmaq üçün hazırlanır.
Sonda jurnalistlərə layihə çərçivəsində həyata keçirilən vəkillik tədbirləri barədə geniş məlumat verilib. Bildirilib ki, ilk dəfə olaraq yerli QHT-lərin, dövlət orqanları, beynəlxalq təşkilatların geniş iştirakçılığı ilə 1-ci Vətəndaş Cəmiyyəti Forumu keçirilib. Forumda həmçinin Milli Gündəlik təqdim olunub. Milli Gündəliyin 09 avqust 2012-ci ildə Şəki, 10 avqust 2012-ci ildə Gəncə və 11 sentyabr 2012-ci ildə Quba şəhərlərində yerli QHT-lər üçün təqdimatları təşkil edilib. Bununla yanaşı, Azərbaycanda vətəndaş cəmiyyətinin durumu mövzusunda ANS televeziyasının “İqtisadi Forum” verilişində, regionda vətəndaş cəmiyyətinin hazırkı durumu mövzusunda 15 avqust 2012-ci ildə Yevlaxın ELTV kanalının “İndiki zaman” verilişində, 16 avqust 2012-ci ildə Kəpəz televeziyasının “Femida” proqramında, 17 avqust 2012-ci Şəki şəhərində STV kanalında “Sosial həyat” verilişində çəkilişlər aparılıb.
Layihə çərçivəsində Bakıda yerli və xarici ekspertlərin iştirakı ilə 2 dəfə Dəyirmi Masa keçirilib. Birinci dəfə Azərbaycan Respublikasının QHT qanunvericiliyinin beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsinə dair, 2-ci dəfə isə Türkiyəli ekspert, TUSEV-in təmsilçisi Həyati Şahinin iştirakı ilə QHT-lərin iqtisadi fəaliyyəti ilə bağlı müzakirələr keçirilib.
Layihənin son fəaliyyətlərindən bəhs edən Q.İbadoğlu hazırda Milli Gündəliyə vətəndaş və QHT-lərin ictimai dəstəyini nümayiş etdirmək üçün imzatoplama kampaniyasının keçirildiyini qeyd edib.