İqtisadi Tədqiqatlar Mərkəzi 2012-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabatla çıxış edib
Bu məqsədlə Park İNN mehmanxanasının Füzuli zalında düzənlənən konfransda Vergilər, Nəqliyyat, Təhsil, Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, Dövlət Neft Fondu, “Bakıelektrikşəbəkə” ASC və digər dövlət orqanlarının, ATƏT, Avropa Birliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı(GİZ), Britaniya Şurası və digər beynəlxalq təşkilatların, İsveçrə, Fransa, Rumıniya, Koreya, Yaponiya, Çin, Belarus, İran səfirliklərinin, həmçinin yerli vətəndaş cəmiyyəti institutlarının və KİV-in nümayəndələri iştirak ediblər.
Tədbiri açan İTM İdarə Heyətinin üzvü Dünya Camalova Mərkəzin 6 ildən bəridir öz fəaliyyəti barədə illik hesabatla çıxış etdiyini vurğulayıb: “Dövlət və digər qurumlardan şəffaflıq və hesabatlılıq tələb edən bir təşkilat, əlbəttə ki, özü də bu tələblərə uyğun olmalıdır. Biz bu prinsipdən çıxış edərək, hər il öz fəaliyyətimiz, əldə etdiyimniz uğurlar, üzləşdiyimiz çətinliklər və gələcək planlarımız barədə geniş ictimaiyyətə hesabat veririk. İndiki tədbirimiz bu qəbildən olan 7-ci tədbirdir.” D.Camalova 2012-ci ildə İTM İdarə Heyəti sədrinin dəyiçdiyini qeyd edərək, hesabat təqdimatı ilə çıxış etmək üçün sözü İTM İdarə Heyətinin sədir Qalib Bayramova verib. Q.Bayramov İTM-in 2012-ci ildəki fəaliyyətinin 5 istiqaməti əhatə etdiyini bildirib: “Bunlar büdcə şəffaflığı və gəlirlərin idarəedilməsi, bələdiyyələrin institusional inkişafı, elektron bələdiyyə, ictimai iştirakçılıq, şəffaflıq və hesabatlılıq, makroiqtisadi və sosial siyasət araşdırmaları, binzes mühiti və sahibkarlıq təhlilləri, nəhayət, təcrübə proqramlarıdır. Sonuncu istisna olmaqla, digər iqtiqamətlərdə fəaliyyətlərimiz müxtəlif donorlar tərəfindən maliyyələşdirilib.”
Q.bayramovun sözlərinə görə, ötən il İTM-in əsas fəaliyyət istiqamətlərindən birini vətəndaş cəmiyyətinin gücləndirilməsi təşkil edib. Belə ki, Mərkəz vətəndaş cəmiyyəti institutlarının hüquqi və iqtisadi problemlərinin həllində dəstək məqsədilə “Vətəndaş cəmiyyətinin gücləndirilməsinə dəstək” adlı layihəni böyük uğurla həyata keçirib. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Budapeşt ofisi və Marşall Fondu tərəfindən maliyyələşdirilən layihə çərçivəsində Mərkəz ekspertləri tərəfindən “Azərbaycanda vətəndaş çəmiyyəti: dəyişikliklər üçün Milli Gündəlik”, QHT-lərin iqtisadi fəaliyyəti ilə bağlı Vergi Məcəlləsi üzrə Təkliflər Paketi və Azərbaycan Respublikasının QHT qanunvericiliyinin beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsinə dair dəyərləndirmə hesabatı hazırlanıb. Eyni zamanda Ədliyyə Nazirliyinə müraciətdən sonra qeydiyyatından 2 dəfə imtina olunmuş 10 QHT-nin qeydiyyatının bərpa olunması ilə bağlı müvafiq məhkəmə orqanları qarşısında iddia qaldırılıb. İTM-in vətəndaş cəmiyyəti institularının gücləndirilməsi sahəsində daha bir fəaliyyəti Avropa Komissiyasının dəstəyi ilə icra etdiyi “Beyin mərkəzlərinin siyasət qərarlarının qəbulunda rolunun gücləndirilməsi vasitəsilə idarəetmədə səmərəliliyin artırılması” layihəsi çərçivəsində həyata keçirilib. 2012-ci il ərzində layihə çərçivəsində tərəfdaşlıq edilən 18 beyin mərkəzi(4-ü regiondan, 14-ü Bakıdan) üçün 3 dəfə təlim təşkil olunub. Təlimlər “Beyin mərkəzlərinin strateji idarəedilməsi”, “Beyin mərkəzlərinin siyasət sənədlərinin keyfiyyətinə nəzarətin artırılması” və “Beyin mərkəzlərində strateji planlaşdırma” mövzusuna həsr olunub. Bundan əlavə, İTM tərəfdaş düşüncə mərkəzlərinə strateji menecment və keyfiyyətə nəzarət institutlarının təşkilində metodiki dəstək göstərib. Eyni zamanda tərəfdaş beyin mərkəzləri ilə biznes icması arasında əlaqələrin qurulması və inkişafı üçün tədbirlər həyata keçirilib, tərəflərin iştirakı ilə qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüş təşkil edilib.
GİZ və Britaniya Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində isə İTM bələdiyyələrin institutsional inkişafına, bələdiyyə qərarlarının qəbulunda ictimai iştirakçılığın artırılmasına, həmçinin elektron bələdiyyənin formalaşmasına dəstək verib: “Bu çərçivədə Azərbaycanda ilk dəfə olaraq dəfə “Mühasibat uçotu haqqında” qanunun və Milli Mühasibat Uçotu Standartlarının tələbləri əsasında bələdiyyələrdə mühasibat uçotunun təşkili ilə bağlı praktiki-metodiki vəsait nəşr edilib.”
İqtisadi Tədqiqatlar Mərkəzi 2012-ci ildə ictimai əlaqələrinin genişləndirilməsi sahəsində ciddi uğurlar əldə etməyə nail olub. Belə ki, il ərzində İTM tərəfindən müxtəlif məsələlərlə bağlı 18 dəfə konfrans, 13 dəfə dəyirmi masa, 13 dəfə təlim və seminar, Bakıda və regionlarda olmaqla 32 dəfə ictimai müzakirə, 5 dəfə tarla təcrübəsi, Bakı və regionlarda 4 dəfə TV nüzakirələri təşkil olunub. İctimai xarakterli tədbirlərin hər birində orta hesabla 40-dan yuxarı xarici və yerli mütəxəssis, beynəlxalq təşkilat və xarici ölkə səfirliklərinin, yerlərdə bələdiyyə üzvləri və yerli sakinlərin, həmçinin 20-dək KİV nümayəndələrinin iştirakı təmin olunub. Tədbirlərlə bağlı press-relizlər hazırlanaraq ictimaiyyətə yayılıb. Bundan əlavə, dövr ərzində Mərkəzin İctimaiyyətlə əlaqələr departamenti tərəfindən müxtəlif fəaliyyətlər üzrə 27 dəfə mətbuat üçün açıqlama hazırlanaraq yayılıb, onlar çoxsaylı qəzetlərdə, İnternet saytlarında, TV və radio xəbər buraxılışlarında yerləşdirilib.
Xarici əlaqələrə gəlincə, ötən il İTM Pensilvaniya Universitetinin keçirdiyi "Beyin Mərkəzləri 2012" reytinqində 182 ölkədən olan 6603 beyin mərkəzi arasında 133-cü olub. Vəkillik sahəsində fəaliyyətinə görə isə İTM dünyada 9-cu yeri tutub. Mərkəz digər ölkələrin düşüncə mərkəzləri ilıə əməkdaşlığa başlayıb – ötən il Özbəkistanın İqtisadi Tədqiqatlar Mərkəzi, Qazaxıstanın ilə İctimai Siyasət Tədqiqatları Mərkəzi və Türkiyənin İqtisadi Araşdırmalar Vəqfi ilə əməkdaşlıq sazişi imzalayıb.
Mərkəzin İdarə Heyətinin sədri və üzvləri 2012-ci il ərzində 15-ə yaxın beynəlxalq tədbirdə iştirak edib.
2012-ci ildə İTM-in gəlirlərinin 92 faizi qeyri-kommersiya, 8 faizi isə kommersiya xarakterli olub. Q.Bayramovun suallara cavab olaraq verdiyi izahatdan aydın olub ki, kommersiya xarakterli gəlirlər dedikdə, İTM ekspertlərinin xidmət müqaviləsi əsasında digər təşkilatlara göstərdikləri xidmətlərə görə ödənilən vəsaitlər nəzərdə tutulur.
Təqdimatdan sonra İTM nümayəndələri tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar. Suallar əsasən biznes sektoru ilə əlaqələrin genişləndirilməsi sahəsində gözlənilən fəaliyyətlər, siyasət qərarlarının qəbuluna təsir imkanlarının genişləndirilməsi planları və sair barədə olub.
İTM İctimaiyyətlə əlaqələr departamenti