Oğuz rayonunda tarla qoruyucu meşə zolağının salınması aksiyası keçirilib
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə icra etdiyi «Torpaqların münbitliyinin qorunması məqsədilə torpaq istifadəçilərinin maarifləndirilməsi və ictimai vəkillik» layihəsi çərçivəsində 6 aprel 2013-cü ildə Oğuz rayonunda tarla qoruyucu meşə zolağının salınması aksiyası keçirib.
Bu məqsədlə Oğuz rayonunda səfərdə olan İTM ekspertləri tarla qoruyucu meşə zolağının salınacağı ərazini yerli icra hakimiyyəti ilə razılaşdırdıqdan sonra ağacların əkilməsi üçün hazırlıq işləri görülüb, ərazi abadlaşdırılıb və çalalar qazılıb.
Daha sonra Şəki rayonu Çeşməli kəndində yerləşən Qüdrət Əhmədova məxsus şəxsi tingçilik təsərrüfatından 100 ədəd Eldar şamı alınaraq Oğuz rayonuna, tarla qoruyucu meçə zolağının salınacağı əraziyə gətirilib.
Meşə zolağının salınması aksiyasında Oğuz rayon icra hakimiyyəti başçısının müavini, Aqrar şöbənin müdiri Azad Əliyev, Oğuz Şəhər Bələdiyyəsinin Həmkarlar təşkilatının sədri Etibar Əliyev, rayonda fəaliyyət göstərən aqronomlar və digər fəallar iştirak edib.
Meşə zolağı salındıqdan sonra İTM-in eksperti Vahid Məhərrəmov əkilən ağaclara aqrotexniki qaydalara uyğun şəkildə qulluqla bağlı ətraflı məlumat verib, aksiya iştirakçılarının suallarını cavablandırıb.
Layihə çərçivəsində növbəti tədbir torpaq istifadəçiləri, fermerlər, bələdiyyə torpaqları icarəçiləri üçün təlimlər və tarla təcrübəsi olacaq. “Torpaqların deqradasiyadan qorunması, münbitliyinin azalmasına qarşı müdafə tədbirlərinin həyata keçirilməsi” mövzusunda təlimin aprelin 16-da Oğuzda, aprelin 17-də isə Qəbələdə keçirilməsi planlaşdırılır. Eyni zamanda, aprel ayında Oğuz rayonunda bir tarla təcrübəsinin də keçirilməsi nəzərdə tutulur.