Azərbaycan neft ixracatından 84 milyarddan çox gəlir əldə edib
Gəlirlərin idarəolunması ilə bağlı müzakirələr Azərbaycan Universitetində davam etdirilib
İqtisadi Tədqiqatlar Mərkəzi ABŞ-ın Gəlirlərə Nəzarət İnstitutunun maliyyə və metodiki dəstəyi ilə “Azərbaycanda və Qazaxıstanda neft gəlirlərinin idarəedilməsi” mövzusunda apardığı tədqiqatların akademik dairələrdə və universitetlərdə ekspert müzakirəsini davam etdirir. Neft gəlirlərindən istifadənin səmərəliliyinin artırılması sahəsində müzakirələr Qafqaz və Xəzər universitetlərindən sonra aprelin 6-da Azərbaycan Universitetində keçirilib.
Universitetin rektoru Eldar Qəhrəmanovun rəhbərliyi ilə keçirilən eskpert müzakirəsində professor-müəllim heyəti iştirak edib. Belə müzakirələrin universitetlərdə təşkilinin əhəmiyyətindən danışan rektor Qəhrəmanov giriş nitqində bu sahədə əldə edilmiş nailiyyətlərdən və qarşılaşdığımız çətinliklərdən bəhs edib. O qeyd edib ki, bu müzakiərlər “Neft-qaz gəlirlərinin uzunmüddətli dövrdə idarəolunması strategiyası”nın və “Azərbaycan 2020: gələcəyə baxiş” Konsepsiyasının icrasına töhfə vermək məqsədi daşıyır.
Rektorun çıxışından sonra layihənin rəhbəri, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü Qubad İbadoğlu araşdırmanın nəticələrini təqdim edib. Bildirib ki, bu ilə qədər Azərbaycan “Əsrin kontraktı” və digər kontraktların reallaşması nəticəsində 84 milyard dollar vəsait əldə edib ki, onun da 60 faizi - 50 milyard dolları artıq xərclənib. Cari ildə daha 14 milyard dolların xərclənəcəyini qeyd edən Qubad İbadoğlunun sözlərinə görə, rəsmi hesablamalar 2024-cü ilədək 1 barelin orta hesabla 80 dollar olacağı halda Azərbaycanın 145,3 milyard dollar neft və qaz gəlirləri əldə edəcəyini göstərir. Bu il ərzində bütün kontraktlar üzrə müxtəlif ssenarilər (1 barelin 80, 90 və 100 dollar) əsasında aparılmış rəsmi hesablamalara görə, ölkənin minimum 11 milyard, maksimum isə 15 milyard dollaradək gəlir əldə ediləcəyi gözlənilir.
Diqqəti neft gəlirlərinin xərclənməsi problemlərinə çəkən Q.İbadoğlu bu istiqamətdə institutların yaradılmasını və qaydaların olmasını vacib hesab edib. O qeyd edib ki, mövcud qaydalara əməl olunması da vacibdir: “ “Neft-qaz gəlirlərinin uzunmüddətli dövrdə idarəolunması Strategiyası”nda pik dövründə gəlirlərin ən azı 25 faizinin gələcək nəsillər üçün yığıma göndərilməsi nəzərdə tuutlsa da, ötən il əldə edilmiş gəlirlərin faktiki olaraq 78 faizi xərclənib.” Ekspertin fikrincə, çox xərclənmənin gələcəkdə daha çox borclanmaya gətirəcəyini nəzərə alaraq gəlirlərin idarə olunması və xərclənməsi qaydalarında neft gəlirlərinin xərclənməsinə limit tətbiq olunması məqsəduyğundur. Bu istiqamətdə ABŞ-ın Gəlirlərə Nəzarət İnstitutunun ekspertləri ilə birgə apardıqları hesablamalardan danışan Q.İbadoğlu onun nəticələrinin yaxın zamanlarda açıqlanacağını elan edib.
Müzakirələrdə Azərbaycan Universitetinin professor-müəllim heyəti fəal iştirak edərək, səmərəli təkliflərlə çıxış ediblər.
İTM İctimaiyyətlə əlaqələr departamenti