Torpaq istifadəçilərinə təlimlər və tarla təcrübəsi keçirilib
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə həyat keçirdiyi «Torpaqların münbitliyinin qorunması məqsədilə torpaq istifadəçilərinin maarifləndirilməsi və ictimai vəkillik» layihəsi çərçivəsində aprelin 16-da Oğuzda, aprelin 17-də isə Qəbələdə fermerlərə, torpaqdan istifadə sahəsində nəzarət və metodiki dəstəyi həyata keçirən dövlət qurumlarının yerli nümayəndələrinə, yerli özünüidarəetmə orqanlarının təmsilçilərinə “Torpaqların deqradasiyaya, eroziyaya uğramasına, şoranlaşmasına, çirklənməsinə və digər səbəblərdən münbitliyinin azalmasına qarşı müdafiə tədbirlərinin həyata keçirilməsi” mövzusunda təlim keçib. Oğuz rayonunda təlimlə yanaşı torpaq istifadəçilərinə tarla təcrübəsi də keçilib.
Layihənin əlaqələndiricisi Qalib Toğrul torpaqların deqradasiyasının qlobal bir problem olduğunu vurğuladı: “Deqradasiyaya uğramış torpaqlar yerin quru ərazisinin 41%-ni təşkil edir. Bu ərazilərdə təxminən 2 milyard nəfər yaşayır. Bu əhalinin təxminən yarısı yoxsuldur. Deqradasiya olunmuş ərazilərin 90%-i inkişaf etməkdə olan ölkələrin payına düşür”.
Problemin aktuallığından danışan layihə əlaqələndiricisi BMT Baş Assambleyasının 1994-cü ilin 17 iyununda Səhralaşmaya qarşı müabrizə üzrə Konvensiya qəbul etdiyini, 1995-ci ildən başlayaraq isə 17 iyunun dünyada Quraqlaşmaya və səhralaşmaya qarşı beynəlxalq mübarizə Günü kimi qeyd olunduğunu bildirib.
Sonra Qalib Toğrul Azərbaycanda kənd təsərrüfatının vəziyyəti, torpaqların münbitliyinin qorunması istiqamətində görülən işlər, deqradasiyaya, erroziyaya uğramış, şoranlaşmış torpaqların bərpası istiqamətində ayrı-ayrı layihələr çərçivəsində əlaqədar dövlət strukturlarının gördükləri işlər barədə ətraflı məlumat verdi. Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüklə bağlı apardığı ikitərəfli və çoxtərəfli danışıqlarda ən vacib məslələrdən birinin kənd təsərrüfatı olduğunu deyən layihə əalqələndiricisi bu təşlkilata güclü, təminatlı aqarar sektorla daxil olmaqdan başqa çıxış yolunun olmadığını söylədi .
Daha sonra Qalib Toğrul layihənin məqsədləri, benefisarları, bu vaxta qədər keçilmiş təlim və tarla təcrübələrinin əhəmiyyəti barədə məlumat verib.
Layihə əlaqələndiricindən sonra İTM-in eksperti Vahid Məhərrəmov problemin daha dərindən araşdırılmasına əsaslanan təlimə başlayıb. Ekspert son illər dünyada və ölkəmizdə torpaqların münbitlik vəziyyətinin müqayisəli təhlilini verdikdən sonra adıçəkilən rayonlarda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı üzrə statistik araşdırmanı təqdim edib. Təlimçi iştirakçılarla interaktiv ünsiyyət şəraitində deqradasiyanı yaradan səbəblər və onların aradan qaldırılması, qarşısının alınması yolları barədə müzakirə aparıb.
Vahid Məhərrəmov yerli şəraiti nəzərə alaraq aqrotexniki qaydalardan düzgün istifadə haqqında ətraflı məlumat verib, məhsuldarlığa təsir edən amillərin təsnifləşdirilməsini və qiymətləndirilməsini aparıb.
Təlimlər ərzində yeni texnika və texnologiyadan istifadənin vacibliyi haqqında danışan təlimçi sonda bitkiçilikdə istifadə olunan mütərəqqi texnikanın üstünlüklərindən bəhs edən videoçarxlar nümayiş etdirib.
İTM ictimaiyyətlə əlaqələr departamenti