Bələdiyyələrin elektronlaşması vəziyyəti müzakirə olundu
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) 25 aprel 2013-cü ildə Park İnn otelinin “Füzuli” zalında Bakıətrafı qəsəbə bələdiyyələri üçün “Elektron bələdiyyə: ictimai iştirakçılığın artırılması və xidmətlərin keyfiyyətinin yaxşılıaşdırılması vasitəsi kimi” adlı seminar konfrans keçirib. Tədbirin keçirilməsində məqsəd ölkəmizdə elektron bələdiyyə ilə bağlı görülmüş işlərin mövcud vəziyyətinə nəzər salmaqla bələdiyyələrin elektronlaşması problemləri ətrafında fikir mübadiləsi aparmaq və bələdiyyələrdə vergi işinin avtomatlaşdırılmasına xidmət edən “Şəffaf büdcə” kompüter proqramının təqdimatını keçirmək olub. Tədbirin keçirilməsinin digər məqsədi isə bələdiyyələrdə vergi ödəyicilərinin kodlaşdırılması və “Şəffaf büdcə” proqramının tətbiqi məqsədilə iştirakçı bələdiyyələr arasından 10 tərəfdaş bələdiyyənin ilkin seçiminin həyata keçirilməsi olub.
Tədbirdə 29 Bakı qəsəbə bələdiyyəsindən (Maştağa, Şüvəlan, Pirşağı, Binə, Qala, Kürdəxanı, Bülbülə, Əmircan, Müşfiqabad, Fatmayi, Görədil, Şağan, Yeni Suraxanı, Ramana, Balaxanı, Ələt, Sahil, Mehdiabad, Rəsulzadə, Hökməli, Lökbatan, Keşlə, Qobu, Məmmədli, Çilov-Neft Daşları və sair.) 31 nümayəndə iştirak edib.
Tədbiri İTM-in İdarə Heyətinin sədri Qalib Toğrul açıb. O, tədbirin mahiyyəti haqqında məlumat verdikdən sonra “Azərbaycanda elektron hökumət (elektron bələdiyyə): mövcud vəziyyət və gələcəyə baxış” adlı təqdimat edib. Qalib Toğrul Azərbaycanda elektronlaşmanın vəziyyəti, bu istiqamətdə mövcud qanunvericilik və Dövlət Proqramları, “Elektron Azərbaycan”da “Elektron Bələdiyyə”nin mövqeyi barədə geniş məlumat verib: “2011-ci ilin nəticələrinə görə, əvvəlki illə müqayisədə kompüterləşmə təqribən 35% artıb. Ölkədə hər 100 nəfərə düşən kompüterlərin sayı 20 ədəd təşkil edib. 2011-ci ildə əvvəlki illə müqayisədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 30% artaraq 65-ə çatıb. 2010-cu illə müqayisədə 2011-ci ildə hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayı 2 dəfə yüksələrək 30 nəfərə çatıb. Kənd ATS-lərinin 60 faizində genişzolaqlı internet xidməti var”.
İTM sədri təqdimatın sonunda İTM-in bələdiyyələrin elektronlaşdırılması istiqamətində gördüyü işlər və nəzərdə tutduğu siyasət barədə də iştirakçıları məlumatlandırıb.
Sonra İTM-in eksperti Rəcəb İmanov “Şəffaf büdcə” kompüter proqramının təqdimatını edib. “Şəffaf büdcə” kompüter proqramı İTM-in texnoloji məhsuludur və bələdiyyələrin vergi, büdcə işinin avtomatik uçotunu aparır. R.İmanov proqramın mahiyyəti, istifadə qaydaları, onun tətbiqinin bələdiyyələrin və vətəndaşların həyatında rolu haqqında ümumiləşdirilmiş məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Yasamal bələdiyyəsinin üzvü Pərviz Muradov “Şəffaf büdcə” proqramını 2003-cü ildən başlayaraq bir neçə qəsəbə bələdiyyəsində tətbiq etdiyini bildirərək, proqramın üstünlüklərini görüş iştirakçılarının diqqətinə çatdırıb, onun səmərəlilyini xarakterizə edən misallar gətirib.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, onların rəyləri dinlənilib. Tədbirin sonunda iştirakçı bələdiyyələr arasından 10 tərəfdaş bələdiyyənin seçilməsi üçün yazılı sorgu aparılıb.
Qalib Toğrul bildirib ki, seçiləcək 10 bələdiyyənin adı növbəti həftə məlum olacaq. Bundan sonra həmin bələdiyyələrə səfərlər edilərək yerlərdə bələdiyyə sədrləri ilə müzakirələr aparılacaq, vəziyyətə yerində baxış keçiriləcək.
Qeyd edək ki, semnar konfrans Almaniya Beynalxalq Əməkdaşlıq Təşkilatının (GİZ) Bakıətrafı 10 tərəfdaş bələdiyyədə “Şəffaf büdcə” proqramının tətbiqini, yerli vergi ödəyicilərinin kodlaşdırılmasını, ictimai dinləmələri vəd digər fəaliyyətləri nəzərdə tutan layihəsi çərçivəsində həyata keçirilib.
İqtisadi Tədqiqatlar Mərkəzinin İctimaiyyətlə Əlaqələr Departamenti,
Dünya Camalova, 465 1841, 465 1847