Qubad İbadoğlu Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Beynəlxalq İdarə Heyətinin üzvü seçilib
Bu günlərdə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü(EİTİ) Beynəlxalq İdarə Heyətinə yeni üzvlərin seçimi həyata keçirilib. Seçim komissiyasından verilən məlumata görə, İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İdarə Heyətinin üzvü Qubad İbadoğlu nüfuzlu beynəlxalq təşkilatın rəhbər orqanına 2 illik müddətə tamhüquqlu üzv seçilib. May ayında Sidneydə Təşəbbüsə həsr olunmuş növbəti beynəlxalq konfransdan sonra Q.İbadoğlu EİTİ İdarə Heyətində Avrasiya regionu vətəndaş cəmiyyətinin təmsilçisi qismində fəaliyyətə başlayacaq.
Qeyd edək ki, Mədən Sənayesində Şəffaflıq təbii sərvətlərin hasilatından əldə edilən gəlirlərə dair məlumatların açıqlanmasını nəzərdə tutan beynəlxalq təşəbbüsdür. Təşəbbüsün icrasında milli hökumətlər, hasilat sektorunda çalışan şirkətlər və vətəndaş cəmiyyəti birgə iştirak edir: hökumət və şirkətlər gəlirlər barədə hesabatları açıqlayır, vətəndaş cəmiyyəti isə prosesə nəzarət edir. Azərbaycan Təşəbbüsün icrasına 2004-cü ildən qoşulub. Prosesdə vətəndaş cəmiyyətini 160-dan yuxarı üzvü olan Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası təmsil edir. Q.İbadoğlunun Beynəlxalq İdarə Heyəti üzvlüyünə namizədliyi Koalisiyanın Şurası tərəfindən irəli sürülmüşdü.
İTM İctimaiyyətlə əlaqələr departamenti