Neft gəlirlərinin idarə olunması ilə bağlı Dəyirmi Masa keçirilib
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ABŞ-ın Gəlirlərə Nəzarət İnstitutunun (Revenue Watch Institute) dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində mayın 8-də Park Inn otelinin Nəsimi zalında “Neft gəlirlərinin idarə olunması mövzusunda Dəyirmi Masa keçirib.
Tədbir İTM-in İdarə Heyətinin sədri Qalib Toğrul açıb. Tədbir İştirakçılarına layihə fəaliyyətləri və Dəyirmi Masanın keçirilməsi məqsədi barədə ətraflı məlumat verən Qalib Toğrul bildirib ki, artıq 4 universitetdə (Qafqaz Universitetei, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Universiteti), 2 gənclər təşkilatında və Bakıda yerləşən diplomatik korpusların nümayəndələri ilə oxşar müzakirə aparılıb, məqsəd tədqiqat nəticəsində hazırlanmış siyasət sənədi ilə bağlı fikir, rəy və təklifləri öyrənmək və sənədi təkmilləşdirməkdir. Sədr qeyd edib ki, mərkəzin bu yöndə apardığı araşdırmaların əsas məqsədi “Neft-qaz gəlirlərinin uzunmüddətli dövrdə idarəolunması Strategiyası”nın və “Azərbaycan 2020: gələcəyə baxiş” Konsepsiyasının icrasına töhfələr verməkdir.
Sonra Gəlirlərə Nəzarət İnstitutunun Azərbaycan ofisinin proqram rəhbəri Fidan Bağırova çıxış edərək Azərbaycan məhdud neft ehtiyatlarından səmərəli istifadənin vacibliyini vurğulayıb və tədbir iştirakçılarına uğurlu gün arzulayıb.
Daha sonra İTM-in eksperti Qubad İbadoğlu “Azərbaycanda neft gəlirlərinin idarəedilməsinə retrospektiv və perspektiv baxış” mövzusunda təqdimat edib. Təqdimatda Azərbaycanda neft hasilatı və gəlirləri ilə bağlı movcud vəziyyət və rəsmi proqnozlar, neft gəlirlərinin idarəolunmasının tənzimlənməsi və fiskal qaydalar barədə ətraflı məlumat verib, təmsil etdiyi mərkəzin bu istiqamətdə hazırladığı tövsiyələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
1 yanvar 2013-cü il tarixinə Neft Fondunun aktivlərinin 34.2 mld. dollar olduğuna qeyd edən ekspert bildirib ki, indiyədək neftdən gələn gəlirlərin 49.7 mld. dolları, başqa sözlə desək 59,3%-i artıq xərclənib. Ekspert diqqəti yığm və xərclənən vəsaitin optimal nisbətinin tapılması vacibliyinə yönəldib, dünya təcrübəsindən misallar gətirib. O, dünya təcrübəsində rast gəlinən - Daimi dəyişməz gəlirlər, Nisbi dəyişən transferlər, Sabit bazaya və dəyişən göstəricilərə əsaslanan transfer tənzimlənmə və Dövrü yenilənən sabit transferlər haqda danışıb, layihə çərçivəsində hazırlanan tövsiyələri səsləndirib.
Tövsiyələrdə neft gəlirlərinin xərclənməsi, idarəolunmasının fiskal qaydalara uyğunlaşdırılması, Neft Fondundan dövlət büdcəsinə transfertlərin dövrü yenilənən sabit transferlər əsasında limitləşdirilməsi, qeyri-neft büdcə kəsirinin qeyri-neft ÜDM-də xüsusi çəkisinin yaxın və orta müddətli dövr üçün azalan qaydada aşağı salınması və uzun müddətli dövrdə minimumlaşdırılması, Neft Fondunun vəsaitlərinin idarəolunması zamanı yığım və istehlak arasında optimal balansın yaradılması, vəsaitlərin gələcək nəsillər üçün saxlanılması və nəsillərarası ədalətli bölgünün təmin edilməsi, Fondun büdcəsindən sosial, infrastruktur və investisiya layihələrinin birbaşa maliyyələşdirilməsi praktikasına son qoyulması və digər vacib məsələlərə toxunulub.
Təqdimatdan sonra Qubad İbadoğlu tədbir iştirakçılarının suallarını cavablandırıb. Sonra isə ekspertlərin rəyləri dinlənilib. Neft Araşdırmaları Fondunun rəhbəri İlham Şaban, iqtisadçı ekspertlər Natiq Cəfərli, Rövşən Ağayev, Məhəmməd Talıblı, politoloq Zərdüşt Əlizadə və digər tədbir iştirkçıları mövzu ilə bağlı konkret təkliflərini səsləndiriblər.
Qeyd edək ki, Dəyirmi Masada əlaqədar dövlət qurumlarının (Dövlət Neft Fondu, Sənaye və Energetika nazirliyi, Təhsil Nazirliyi, Rabitə və informasiya Texnologiyaları Nazirliyi), elmi və akademik dairələrin (Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət İqtisad İnstitutu), beynəlxalq təşkilatların (Dünya Bankı, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, Oxfam, BP, “Binagadi Oil”, Gəlirlərə Nəzarət), diplomatik nümayəndəliklərin (Qazaxıstan səfirliyi, Qatar səfirliyi, ATƏT, Helsinki Vətəndaş Assambleyası) və bu sahədə ixtisaslaşmış yerli QHT-lərin (İqtisadi və Sosial İnkişaf Mərkəzi, Mədən Sənayesində Şəffaflığın Artırılması, Neft Araşdırmaları Mərkəzi, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi) nüamyəndələri iştirak ediblər.
İTM İctimaiyyətlə Əlaqələr Departamenti,
465 18 41
465 18 47