Şəki və Oğuz rayonlarında torpaqların deqradasiyaya uğramasının qarşısını almaq istiqamətində təlimlər keçrilib.
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə həyat keçirdiyi «Torpaqların münbitliyinin qorunması məqsədilə torpaq istifadəçilərinin maarifləndirilməsi və ictimai vəkillik» layihəsi çərçivəsində mayın 30-da Oğuzda, mayın 31-də isə Şəkidə fermerlərə, torpaqdan istifadə sahəsində nəzarət və metodiki dəstəyi həyata keçirən dövlət qurumlarının yerli nümayəndələrinə, yerli özünüidarəermə orqanlarının təmsilçilərinə “Torpaqların deqradasiyaya, eroziyaya uğramasına, şoranlaşmasına, çirklənməsinə və digər səbəblərdən münbitliyinin azalmasına qarşı müdafə tədbirlərinin həyata keçirilməsi” mövzusunda təlim keçib. Oğuz rayonunda təlimlə yanaşı torpaq istifadəçilərinə tarla təcrübəsi də keçilib.
Layihənin əlaqələndiricisi Qalib Toğrul torpaqların deqradasiyasının qlobal bir problem olduğunu, beynəlxalq təşkilatların, o cümlədən, ATƏT-in bu problemə həssas yanaşdığını vurğulayıb. Qalib Toğrul xüsusi olaraq diqqəti ona çəkib ki, deqradasiyaya uğramış torpaqlarda yaşayanların yarısı, təxminən 1 milyard nəfəri yoxsuldur.
Sonra layihə əlaqələndiricisi Azərbaycanda kənd təsərrüfatının vəziyyəti, torpaqların münbitliyinin qorunması istiqamətində görülən işlər, deqradasiyaya, erroziyaya uğramış, şoranlaşmış torpaqların bərpası istiqamətində ayrı-ayrı layihələr çərçivəsində əlaqədar dövlət strukturlarının gördükləri işlər barədə ətraflı məlumat verib. Onun fikrincə, bu tədbirlər yetərli deyil, ona görə də torpaq sahibləri özləri torpaqdan istifadə qaydalarına riayət etməklə deqradasiyanın qarşısını ala bilərlər. Qalib Toğrul kənd təsərrüfatının kreditləşməsinin, sığortasının çox aşağı səviyyədə olduğunu, bütün bunların Dünya Ticarət Təşkilatına üzvlükdən sonra ölkəmizin kənd təsərrüfatı üçün böyük problemlərə yol açacağını qeyd edib.
Layihə əlaqələndiricindən sonra İTM-in aqrar sahə üzrə eksperti Vahid Məhərrəmov problemin daha dərindən araşdırılmasına əsaslanan təlimə başlayıb. Ekspert son illər dünyada və ölkəmizdə torpaqların münbitlik vəziyyətinin müqayisəli təhlilini verdikdən sonra adıçəkilən rayonlarda birkiçilik və heyvandarlıq məhsullarının istehsalı üzrə statistik araşdırmanı təqdim edib. Təlimçi iştirakçılarla interaktiv ünsiyyət şəraitində deqradasiyanı yaradan səbəblər və onların aradan qaldırılması, qarşısının alınması yolları barədə müzakirə aparıb.
Oğuz-Qəbələ-Bakı su kəmərinin işə salınmasından sonra bölgədə su qitliğının yaranması, qurunt sularının səviyyəsinin enməsi nəticəsində artezian quyularindan çıxarılan suyun həcminin azalması kimi mühüm məsələləri önə çəkən ekspert suyun azalmasının dəmyə şəraitində yetişdirilən şabalıd və “Qızıləhməd” sortundan olan ağacların susuzluqdan quruması, zəifləməsi və nəticədə məhv olmasına yol açdığını vurğulayıb.
Təlimə cəlb olunmuş iştirakçılar regionda taxıl istehsalında da ciddi problemin olduğunu, xüsusən növbəli əkin sisteminin pozulduğunu və nəticədə taxıl sahələrində göbələk xəstəliyinin, zərərvericilərin, taxıl böcəyinin geniş yayıldiğini, taxıl bitkisinin qida maddələrinə olan təlabatının tam ödənilməməsi nəticəsində zəif, əyilməyə,yatmaya meyilli olması, keçən illərdə dən itkisinə yol verilən sahələrdə sort qarışığının əmələ gəlməsi, yabanı vələmir bitkisinin zəmilərdə geniş yayılması kimi neqativ halların olduğunu vurğulayıblar. Vahid Məhərrəmov bu və digər problemlərin qarşisinin alınması və gələcəkdə təkrar olunmaması üçün təlim iştirakçılarına tövsiyələr verib, problemlərin həlli istiqamətində hökumət nümayəndələri ilə görüşlərdə mövcud problemləri onların diqqətinə çatdıracaqlarını qeyd edib.
Təlimlərdən sonra İTM-in nümayəndə heyəti hər iki rayonda taxıl sahələrinə baş çəkib, mövcud vəziyyətin qiymətləndirməsini aparıblar.
İTM-in İctimaiyyətlə əlaqələr departamenti,
465 18 41, 465 18 47. Dünya Sakit