Qubad İbadoğlu Londonda Açıq Hökümət Sammitində iştirak edib
İqtisadi Tədqiqlar Mərkəzi İdarə Heyətinin üzvü Qubad İbadoğlu oktyabrın 29-dan noyabrın 2-dək Londonda keçirilən Açıq Hökümət Təşəbbüsü üzrə İllik Sammitdə iştirak edib. Sammitdə dünyanın 61 üzv ölkəsindən və beynəlxalq təşkilatlarından 1000-dək nümayəndə iştirak edib. Tədbirdə Azərbaycan hökumətinin nümayəndə heyətini Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri İnam Kərimov və Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının katibi Vüsal Hüseynov təmsil edib.
Sammitə Azərbaycan vətəndaş cəmiyyətinin yeganə təmsiçisi kimi qatılan Qubad İbadoğlu tədbirdən 1 gün əvvəl təşkil olunan Vətəndaş Cəmiyyəti günündə “Getdikcə daralan məkanda fəaliyyətin imkanları və onun çətinlikləri” mövzusunda məruzə, eləcə də sammit çərçivəsində təşkil olunan panellərdə çıxışlar edib. Çıxışında Azərbaycanda vətəndaş cəmiyyətinin durumu və onun Açıq Hökümət Təşəbbüsündə(OGP) iştirak imkanlarından danışan Q.İbadoğlu təmsil etdiyi İqtisadi Tədqiqatlar Mərkəzinin “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqi zamanı qarşılaşdığı çətinliklərdən bəhs edib. O, çıxışında diqqəti Fəaliyyət Planının özündən və onun tətbiqi şəraitindən irəli gələn çətinliklərə cəlb edib. Qeyd edib ki, Fəaliyyət Planın icra müddətinin digər üzv ölkələrlə müqayisədə daha uzun dövr - 3 il üçün nəzərdə tutulması onun illik əsasda qiymətləndirmə və monitorinqinin aparılmasında çətinlik yaradır. Eyni zamanda Planda nəzərdə tutulan bəzi öhdəliklərin əvvəlcədən mövcud olması, bəzi öhdəliklərin ünvanlı olmaması, bəzilərinin isə açıq hökumət siyasəti ilə birbaşa əlaqəsinin olmaması, texniki xarakter daşıması OGP-nin Azərbaycanda tətbiqinin effekivliyini aşağı salır.
Q.İbadoğlu qeyd edib ki, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” ilə bağlı bəzi dövlət orqanları, xüsusilə də yerli icra hakimiyyətləri az məlumatlı olduğundan monitorinq zamanı informasiya əldə edilməsi işi o qədər də asan olmayıb. Bu çətinliyin aradan qaldırılması üçün Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının verdiyi təşkilati dəstəyi xüsusilə qeyd edən Q.İbadoğlu eyni zamanda ASAN dövlət xidmətinin fəaliyyətinin vətəndaşlar üçün pozitiv nəticələrindən də danışıb.
Bu Təşəbbüsün vətəndaş cəmiyyəti üçün yaratdığı imkanlardan da bəhs edən Q.İbadoğlu monitorinq və qiymətləndirmə aparmaq, onun nəticələrini ictimailəşdirmək, şəbəkələnmək və bu məqsədlə daha çox vətəndaş cəmiyyətini eyni məqdsələr üçün səfərbər edib vahid platformada birləşdirmək, eləcə də beynəlxalq və regional əsasda əməkdaşlıq qurmaq imkanlarını qeyd edib.
Sammitdə Britaniyanin baş naziri David Kamerunun, ABŞ dövlət katibi Con Kerrinin, eləcə də İndoneziyanin baş naziri, Tanzaniyanın, Fil Dişi sahilinin prezidentlərinın qatıldığı müzakirələrdə Açıq Hökümət Təşəbbüsünün genişləndirilməsi imkanlarından və təsirlərindən danışılıb. Britaniya baş naziri Kamerun çıxışında qeyd edib ki, şəffaflıq korrupsiya ilə mübarizədə peyvənddir. O, bir çox ölkələrdə hakimiyyətdə olanların şəffaflığa meylli olmaması, təbii sərvətlərdən gələn gəlirləri gizlətməsindən danışıb və həmin ölkələrə müraciət edərək mülkiyyət sahiblərinin adlarını açığlamağa çağırıb.
İTM İctimaiyyətlə əlaqələr departamenti