İTM Beyin Mərkəzləri ilə bağlı yekun konfrans və sərgi təşkil edib
İqtisadi Tədqiqatlar Mərkəzi Açıq Cəmiyyətlərın İctimai Assosiasiyası (PASOS) və “Kamil vətəndaş” İctimai Birliyi ilə tərəfdaş olaraq Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Beyin mərkəzlərinin qərar qəbulu arenasında rolunun sgücləndirilməsi vasitəsi ilə idarəetmənin effektivliyinin yüksəldilməsi” layihəsini həyata keçirib. İki il müddətində həyata keçirilən layihənin başlıca məqsədi Azərbaycanda fəaliyyət göstərən yerli düşüncə mərkəzlərinin institutsional və tədqiqat imkanlarının artırılması yolu ilə onların qərarların qəbulunda iştirakını və hökumətin fəaliyyətinin gücləndirilməsində rolunu artırmaqdan ibarət olub.
12 dekabr 2013-cü il tarixdə layihənin yekunlarına həsr olunmuş yekun konfrans və tərəfdaş beyin mərkəzlərinin məhsullarının nümayiş olunduğu sərgi təşkil olunub. Konfransda xarici ölkə səfirlikləri, beynəlxalq təşkilatlar, dövlət orqanları, biznes, mətbuat və yerli vətəndaş cəmiyyəti institutlarının 50-dək nümayəndəsi iştirak edib. Tədbiri ITM Idarə Heyətinin sədri Qalib Bayramov açaraq, layihə barədə ümumi məlumatla çıxış edib. Avropa İttifaqının proqram meneceri Olaf Heidelbach çıxışında əsas diqqəti vətəndaş cəmiyyəti institutlarının, xüsusilə də beyin mərkəzlərinin inkişafının hər bir ölkə üçün daşıdığı əhəmiyyətə yönəldib.
Layihənin koordinatoru Ramil Kazımov 2 il ərzində görülən işlər barədə təqdimatla çıxış edib. Bildirib ki, layihə çərçivəsində tərəfdaş kimi seçilmiş 4-ü regiondan olmaqla18 QHT-nin fəaliyyətinin gücləndirilməsi, bilik və bacarıqların artırılması üçün ötən 2 il ərzində onlar üçün 7 təlim təşkil olunub. Bundan əlavə, İTM tərəfdaş düşüncə mərkəzlərinə strateji menecment və keyfiyyətə nəzarət institutlarının təşkilində metodiki dəstək göstərib. Eyni zamanda tərəfdaş beyin mərkəzləri ilə biznes icması və dövlət orqanları arasında əlaqələrin qurulması və inkişafı üçün tədbirlər həyata keçirilib, tərəflərin iştirakı ilə qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşlər təşkil edilib. İTM həmçinin tərəfdaş beyin mərkəzlərinin mətbuatla əlaqələrinin gücləndirilməsi, jurnalistlərin beyin mərkəzlərinin fəaliyyəti barədə məlumatların hazırlanması üsullarına dair məlumatlandırılması məqsədilə KİV nümayəndələrinə xüsusi təlim keçib.
Layihə çərçivəsində tərəfdaşlıq edilən mərkəzlərin iştirakı ilə Azərbaycan Düşüncə Mərkəzləri Alyansı və onun İnternet saytı (www.thinktank.az )yaradılıb. Bundan əlavə, tərəfdaş beyin mərkəzlərinin tədqiqat məhsullarından ibarət iki dildə nəşrin 2 sayı hazırlanaraq dərc olunub.
Tərəfdaş beyin mırkəzlərinin nümayəndələri Həsən Hüseynli(Kamil Vətəndaş İctimai Birliyi) və Sabit Bağırov (İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi) təşkilatlarının layihədən əldə etdiyi səmərələr barədə çıxış ediblər.
İTM İdarə Heyətinin üzvü Dünya Camalova layihə çərçivəsində əməkdaşlığa açıq olan dövlət orqanıının müəyyənləşdirilməsi məqsədilə KİV və QHT-lər arasında keçirilmiş sorğunun nəticələrini iştirakçılara təqdim edib. Onun verdiyi məlumatdan aydın olub ki, 35-dək tanınmış jurnalist və QHT arasında keçirilmiş sorguya dövlət orqanlarının vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa açıqlıq səviyyəsini müəyyənləşdirməyə imkan verən suallar daxil edilib. Cavablandırılmış anketlərin təhlili nəticəsində əməkdaşlığa açıqlığın müxtəlif parametrləri üzrə toplanan səslərin yekununa görə, Vergilər Nazirliyi 55 səslə birinci yerə çıxıb. Yekuna görə, ilk onluğun sonrakı yerlərini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (29 səs), İqtisadiyyat və Sənaye Nazirliyi (29 səs), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi(26 səs), Ekologiya və Təbii Sərvətlər Nazirliyi(22 səs), Daxili İşlər Nazirliyi(17 səs), Dövlət Sosial Müdafiə Fondu(17 səs), Ədliyyə Nazirliyi(Bələdiyyələrlə İş Mərkəzi və Penitensiar Xidmətin timsalında – 16 səs), Dövlət Neft Fondu (14 səs), Dövlət Statistika Komitəsi(13 səs), Respublika Prokurorluğu(13 səs), Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(12)və Təhsil Nazirliyi(12 səs). Təqdimatdan sonra iştirakçılar sorğu ilə bağlı fikirlərini səsləndiriblər.
Layihə çərçivəsində tərəfdaş beyin mərkəzlərinin siyasət sənədləri arasından ən yaxşı siyasət sənədinin seçilməsi məqsədi ilə keçirilmiş qiymətləndirmənin nəticələrini iştirakçılara Q.Bayramov açıqlayıb. Bildirib ki, 5 nəfər yerli və xarici ekspertdən ibarət münsiflər heyətinin apardığı qiymətləndirmənin qalibi İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin hazırladığı “Bələdiyyələrin maliyyə imkanlarının artırılması: Fiziki şəxslərdən əmlak vergisi üzrə vergi bazasının təkmilləşdirilməsi” adlı sənəd olub. Qalib üçün hazırlanan kiçik hədiyyəni Birliyin rəhbəri Azər Mehtiyevə münsiflər heyətinin üzvü Şəhla İsmayıl(Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri) təqdim edib.
Konfransdan sonra iştirakçılar və qonaqlar sərgidə təmsil olunan tərəfdaş beyin mərkəzlərinin məhsul və xidmətləri ilə tanış olublar.
İTM İctimaiyyətlə əlaqələr departamenti