Hesablama Palatası: beynəlxalq təcrübə və qanunvericiliyin təkmilləşdirilməsi mövzusunda konfrans
Yanvarın 17-də Azad İqtisadiyyata Yardım İctimai Birliyi tərəfdaşları Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, İqtisadi və Sosial İnkişaf Mərkəzi, İqtisadi Tədqiqatlar Mərkəzi və İqtisadi və Sosial Təşəbbüslərdə
Tərəfdaşlıq İctimai Birliyi ilə birlikdə “Dövlət vəsaitləri üzərində kənar nəzarət” mövzusunda konfrans keçirib. Konfrans tərəfdaş təşkilatların Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İctimai maliyyəyə nəzarətin effektiv sistemi” layihəsi çərçivəsində təşkil olunub.
Konfransda 60 nəfərdən çox dövlət qurumlarının, beynəlxalq təşkilatalrın və səfirliklərin təmsilçiləri, iqtisadçı-ekspertlər, QHT rəhbərləri, həmçinin millət vəkili Vahid Əhmədov və Hesablama Palatasının Hüquq və dövlət qulluğu şöbəsinin müdiri Faiq Nəcəfov iştirak edib.
Konfransı giriş sözü ilə açan Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov bildirdi ki, konfrans dövlət büdcəsinə kənar nəzarəti həyata keçirən Hesablama Palatasının funksiya və səlahiyyətlərinin artırılması ilə bağlı tədqiqatların təqdimatına həsr olunub.
Konfransın giriş bölümündən sonra millət vəkili Vahid Əhmədovun sədrliyi ilə birinci panelə start verildi. Birinci panelin məruzəçisi İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Hesablama Palatasının işi ilə bağlı təqdimat etdi. Bildirdi ki, palatanın fəaliyyəti ilə bağlı məlumatlılıq aşağı səviyyədədir: “Təşkilatımızın 700 nəfər arasında keçirdiyi sorğuda iştirak edənlərin yalnız 23 faizi Hesablama Palatasının mövcudluğundan xəbərdardır. Qurumun hansı məqsədə xidmət etdiyi haqqında isə iştirakçıların yalnız 11.6 faizi məlumatlıdır. Üstəlik, palata ilə bağlı bilgisi olan vətəndaşların 94 faizi ali təhsilli, daha çox iqtisadi sferada fəal olan vətəndaşlardır”.
Rəşad Həsənov qeyd etdi ki, Hesablama Palatasının rəylərində büdcənin gəlirlər hissəsində Neft Fondundan transfertlərin artımı, neft gəlirlərindən asılılıq kimi təhlükəli tendensiyalar qeyd edilmir.
Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl da Neft Fondunda yoxlamaların aparılmaması ilə bağlı məsələyə münasibət bildi: “Dövlət büdcəsindən kənar baş verməsi maliyyə əməliyyatının kənar auditdən yayınması üçün əsas ola bilməz. Azərbaycan qanunvericiliyinə görə, Hesablama Palatası büdcədənkənar dövlət fondlarının büdcə layihələrinə rəy verir. Palata bu səlahiyyətindən istifadə edərək büdcədənkənar fondların, o cümlədən dövlət büdcəsindən təqribən iki dəfə çox vəsaitə sahib olan Dövlət Neft Fondunun da auditini apara bilməlidir”.
Təqdimatın sonunda Rəşad Həsənov Hesablama Palatasının işində tapıntıları qeyd etdi: Hesablama Palatası Dövlət Neft Fondunun büdcəsinə rəy vermir; Palata dövlət büdcəsinə rəylər hazırlayarkən hansı metodologiyadan istifadə etdiyini açıqlamır; Palatanın fəaliyyəti yalnız daxili qiymətləndirməyə cəlb edilir. Kənar qiymətləndirmə aparılmır; Dövlət tərəfindən həyata keçirilən investisiya layihələrinin dəyərinin sonrada artırılması halları HP-nın rəylərində təhlil edilmir; Hesablama Palatasının illik hesabatları qurumun rəsmi internet səhifəsində yerləşdirilmir və ictimai əlçatanlığı azdır;
Hesablama Palatasının nümayəndəsi Faiq Nəcəfov cavab olaraq bildirdi ki, dövlət büdcəsinə rəy verilən ümumi rəyin içərisində Neft Fondunun büdcəsinə də rəy verilir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə “Dövlət vəsaitlərinə dair parlament müzakirlərinin təhlili və tövsiyələr” mövzusunda danışdı. Qeyd etdi ki, konstitusiyada Hesablama Palatasının müstəqilliyi təsbit edilməlidir: “Palatanın ictimaiyyətlə, QHT-lərlə, media ilə əlaqələri genişləndirilməlidir”. Bundan başqa Vüqar Bayramov HP apardığı yoxlama nəticələrinin və aşkar olunan nöqsanlarla bağlı məlumatların qurumun internet səhifəsinə yerləşdirlməməsinin xeyli çətinliklər yaratdığına diqqət çəkdi.
Daha sonra Hesablama Palatasının nümayəndəsi Faiq Nəcəfovun sədrliyi ilə ikinci panel başladı.
İlk olaraq “Azad İqtisadiyyata Yardım” İctimai Birliyinin eksperti Kənan Aslanlı “İctimai vəsaitlər üzərində kənar nəzarət” mövzusunda məruzə etdi. Kənan Aslanlı Hesablama Palatasının ölkə üzrə maliyyənin neçə faizinə nəzarət etdiyindən danışdı. Bildirdi ki, dövlət və ictimai maliyyəyə tam nəzarət mümkün olmasa da Hesablama Palatası çalışmalıdır ki, bu maliyyənin böyük əksəriyyətinə effektli nəzarət həyata keçirsin. Onun sözlərinə görə layihə çərçivəsinə beynəlxalq təcrübəni öyrənib müqayisəli şəkildə təhlil aparmaq üçün Türkiyə modelinə müraciət ediblər. Ankaraya səfər edərək Türkiyədə Hesablama Palatasını əvəz edən Sayıştay ilə yaxından tanış olublar. Sayıtaş Azərbaycan Hesablama Palatasından fərqli olaraq performans auditi də həyata keçirir. Hesablama Palatası hesabatlarında tapıntıları ayrıca bölmədə aydın şəkildə ifadə etməməsi bizim işimizi çətinləşdirir. “Bəzən bir tapıntını tapmaq üçün dəfələrlə bütün hesabatı təkrar-təkrar oxumaq məcburiyyətində qalırıq”
“Beynəlxalq Təcrübə və Azərbaycan üçün tövsiyələr” mövzusunda çıxış edən “Azad İqtisadiyyata Yardım” İctimai Birliyinin sədri Zöhrab İsmayıl Hesablama Palatası üçün tərtib etdiyi 11 tövsiyəni diqqətə çatdırdı” Palatanın müstəqilliyi, fəaliyyət dairəsinin genişləndirlməsi, kənar nəzarət funksiyalarının artırılması, xərclənən vəsaitlərin effektivliyinin ölçülməsi, büdcədən dövlət şirkətlərinə ayrılan subsidiyalarla bağlı yoxlamaların aparılması və s. Zöhrab İsmayıl qeyd etdi ki, beynəlxalq normalara əsasən, dövlətin bütün maliyyə əməliyyatları audit yoxlamasının obyekti ola bilər.
İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Qubad İbadoğlu da öz çıxışında vurğuladı ki, Lima bəyannaməsinə müvafiq qaydada konstitusiyada Hesablama Palatasının, onun üzvlərinin müstəqilliyinin zəruri səviyyəsi təsbit olunmalıdır: “Lima bəyannaməsinə görə, Ali Audit Qurumunun müstəqilliyinin konstitusiya və qanunla təsbiti bu orqana hətta parlamentin nümayəndəsi kimi çıxış etdiyi və sonuncunun göstərişi ilə yoxlama keçirdiyi hallarda da yüksək dərəcəli təşəbbüslə və muxtariyyətlə işləməyə imkan verir. Ali Audit Qurumu ilə parlament arasında qarşılıqlı münasibətlərə dair müddəalar konstitusiya ilə müəyyən edilməlidir. Üstəlik, Hesablama Palatasının əsas audit səlahiyyətləri də konstitusiya ilə təsbit olunmalıdır. Daxili audit haqqında” qanuna dövlət orqanlarının daxili audit xidmətləri ilə Hesablama Palatası arasında münasibətləri tənzimləyən normalar əlavə edilməlidir.”
Təqdimatlardan sonra müzakirələr oldu. İqtisadçı Nazim Məmmədovun bildirdi ki, maliyyə-büdcə ekspertizası aparılması məqsədilə deputatların da Hesablama Palatasına müraciət etmək hüququ olmalıdır. “Hazırda isə prezidentin və ya Milli Məclisin tapşırığı olmadan palatanın iş planından əlavə maliyyə-büdcə ekspertizası aparması qadağandır”
Faiq Nəcəfov sonda konfransda HP-ın işi ilə bağlı səslənən fikirlərə münasibtini bildirdi. Qeyd edib ki, cəmi 12 illik tariə sahib Hesablama Palatasını inkişaf etmiş Avropa ölkələridəki müvafiq qurumları müqayisə etmək doğru deyil. “Azərbaycan Hesablama Palatasını digər ölklərlə müqayisə etdilər. Biz də Almaniyadan mütəxəssislər dəvət edirik, onların təcrübəsini öyrənirik. Hazırda HP-a “2012-2014 Strateji İnkişaf Planı”nı hazırlayır. Bu layihə çərçivəsində də Almaniyadan qonağımız oldu. Türkiyə, Fransa, İtaliya və bəzi başqa Avropa ölkələrində hesablama palatası məhkəmə sisteminin tərkib hissəsidir. Ancaq bizdə sistem fərqliliyi mövcuddur. Bununla belə hesab edirm ki, Azərbaycanda da hesablama palatasına kifayət qədər səlahiyyətlər verilib. Palata aşkar etdiyi nöqsanlarla bağlı təqdimatlar verir. Həmin təqdimatlar qurumlar tərəfindən icra olunur. Icra edilməməsi hallarına rast gəlinmir. Buna baxmayaraq palata sədrinə əlavə səlahiyyətlər verilib ki, təqdimatlar icra olunmadıqda maliyyələşməni dayandırsın. Hələ ki, problemlər olmadığından bu məsələ tətbiq edilməyib. Yoxlama nəticələrinin saytda yerləşdirilməməsinə gəldikdə bunlar heç bir ölkədə dərc olunmur. Bununla belə mən qeydlər götürdüm. Gələcək fəaliyyətimizdə konstitutsiyanıın biz verdiyi hüquqlar çərçivəsində bu tənqidlərin aradan qaldırılması üçün çalışacağıq.