Xaçmaz rayonunda təlim keçirilib
İqtisadi Tədqiqatlar Mərkəzi 15 aprel 2014-cü ildə Xaçmaz şəhərində yerli bələdiyyə fəalları üçün təlim keçirib. Təlim Azərbaycan RespublikasınınPrezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Xaçmaz rayonunda icra olunan" Bələdiyyələrin ətraf mühitin mühafizəsində rolunun gücləndirilməsi"layihəsi çərçivəsində təşkil olunub.
Təlimdə Xaçmaz rayonun Qaraçay, Müqtədir, Nabran, Qımılqışlaq, Ləcət, Hülovlu, Qobuqıraq və digər kəndlərin bələdiyyə sədrləri, Xaçmaz rayon icra hakimiyyətinin nümayəndəsi Pərviz Əmircanov iştirak ediblər.
Təlimdə moderatorluğu layihənin rəhbəri Vahid Məhərrəmov edib. Əvvəlcə bələdiyyə sədrləri, üzvləri özlərini təqdim etməklə yerli ekoloji problemlərdən danışıblar. Suyun, torpağın, ərazilərin çirklənməsindən danışan bələdiyyə fəalları maddi çətinliklərlə qarşılaşdıqlarını və bir sıra problemlərin həllinin yalnız hökumətin köməyi sayəsində mümkün olacağını vurğuladılar. Daha sonra İTM-in eksperti, layihə üzrə təlimçi Rəcəb İmanov “Müasir qlobal problemlər sistemində ekoloji problemlərin yeri və rolu” mövzusunda təqdimatla çıxış edərək daha çox ətraf mühitin çirklənməsinin ciddi qlobal problem yaratdığını vurğuladı. Layihənin rəhbəri Vahid Məhərrəmov "Bələdiyyələrin ətraf mühitin mühafizəsində rolunun gücləndirilməsi" mövzusunda təqdimat etdi. O suyun, torpağın, havanın çirklənməsinə, torpaqların deqradasiyası, eroziyası və şoranlaşmasına səbəb olan amillər və onların qarşısının alınması istiqamətində bələdiyyələrin rolu haqda danışdı. Təqdimatda deqradasiyanı, eroziyanı, şoranlaşmanı yaradan səbəblər və torpağın humus qatı, mulça, yaşıl gubrə haqqında geniş məlumat verildikdən sonra, əsas diqqət torpaqların münbitliyinin qorunması sahəsində dünya təcrübəsində uğurla sınaqdan çıxmış torpaq qoruyucu yeni texnologiyaların üstünlüyünə, təbii otlaqlardan səmərəli istifadəyə yönəldilib.
Təlim zamanı torpaqların ənənəvi əkinçilik qaydalarına uyğun şəkildə 30-35 sm-lik dərinlikdə şumlanmasının əvəzində şum qaldırmadan səpin işlərinin aparılması ilə ilə bağlı təlimçinin dünya təcrübəsindən gətirdiyi misallar, nümunələr və nümayiş etdirilən videoçarxlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və qızğın diskussiyaya səbəb olub.
Təlimçi tədbir ərzində torpaqların eroziyası, deqradasiyasına səbəb olan yerli problemlər üzərində geniş dayanaraq rayon ərazisində mövcud olan torpaqlarda humus qatının zəif olduğunu qeyd edib və torpağın üst hissəsində saxlanılması vacib olan bitki qalıqlarının və onlardan əmələ gələn humus qatının əhəmiyyətindən, xüsusiyyətlərindən danışıb. Bitki qalıqlarının sahələrdən çıxarılmamasını, qalıqların sahələrdə çürüyərək humus qatını artırdığını vurğulayan təlimçi növbəli əkin sisteminin də üstünlüklərini təlim iştirakçılarının diqqətinə çatdırıb. Rayonun su potensialının az olduğunu nəzərə alaraq sudan qənaətlə istifadə olunmasını, bunun üçün mütərəqqi üsullardan damcı suvarma metodundan istifadəyə üstünlük verilməsini tövsiyyə edib, örüşlərdə normadan daha çox heyvan sürülərinin otlarılması nəticəsində təbii otlaq sahələrinin eroziyaya məruz qalması, səhralaşması məsələlərinə də toxunub.
Əlavə məlumat üçün layihənin əlaqələndiricisi Vahid Məhərrəmovla əlaqə saxlamaq olar.
Tel.: 564-86-85, e-mail: office@erc.az, vahid.58@mail.ru
İTM İctimaiyyətlə əlaqələr departamenti