Xaçmazda ətraf mühitin qorunması ilə bağlı təlim və təbliğat işləri həyata keçirildi
BƏLƏDİYYƏLƏR TƏLİMLƏNDİRİLDİ, ORTA MƏKTƏB ŞAGİRDLƏRİ HƏVƏSLƏNDİRİLDİ
İqtisadi Tədqiqatlar Mərkəzi 13 və 16 may 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Xaçmaz rayonunda icra olunan" Bələdiyyələrin ətraf mühitin mühafizəsində rolunun gücləndirilməsi"layihəsi çərçivəsində tədbirlər keçirib.
Mayın 13-də Xaçmaz şəhərində yerli bələdiyyə fəalları üçün nəzərdə tutulmuş təlim bu silsilədən ikinci belə tədbir olub. Təlimdə Xaçmaz rayonunun Əhmədoba, Şollar, Nərəcan, Niyazova, Alekseyevka, Mürşüdoba,Yalama, Xudat və digər kəndlərinin bələdiyyə sədrləri, bələdiyyə qulluqçuları və Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Pərviz Əmircanov iştirak ediblər.
Layihənin rəhbəri Vahid Məhərrəmov edib və İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti, layihə üzrə təlimçi Rəcəb İmanov təlim iştirakçılarını ətraf mühitin çirklənməsinin necə ciddi qlobal problemlərə yol açdığı barədə real faktlarla tanış ediblər. Sonra insanların məişət, sənaye tullantıları ilə çayları, gölləri, dəniz sularını çirkləndirməsi və bu areallarda balıq, digər canlılarla qidalanan quşların tulantılarla qidalanması nəticəsində kütləvi qırılmasını özündə əks etdirən videoçarx namyiş etdirilib.
Daha sonra Vahid Məhərrəmov "Bələdiyyələrin ətraf mühitin mühafizəsində rolunun gücləndirilməsi" mövzusunda təqdimat edib. O havanın, suyun, torpağın çirklənməsinə, torpaqların deqradasiyası, eroziyası və şoranlaşmasına səbəb olan amillər və onların qarşısının alınması istiqamətində bələdiyyələrin rolu haqda danışıb. Təqdimatda deqradasiyanı, eroziyanı, şoranlaşmanı yaradan səbəblər və torpağın humus qatı, mulça, yaşıl gubrə haqqında geniş məlumat verildikdən sonra, əsas diqqət torpaqların münbitliyinin qorunması sahəsində dünya təcrübəsində uğurla sınaqdan çıxmış torpaq qoruyucu yeni texnologiyaların üstünlüyünə, təbii otlaqlardan səmərəli istifadəyə yönəldilib. Təlimçi tədbir ərzində torpaqların eroziyası, deqradasiyasına səbəb olan yerli problemlər üzərində ətraflı dayanaraq rayon ərazisindəki torpaqlarda humus qatının zəif olduğunu qeyd edib və torpağın üst hissəsində saxlanılması vacib olan bitki qalıqlarının və onlardan əmələ gələn humus qatının əhəmiyyətindən, xüsusiyyətlərindən danışıb. Bitki qalıqlarının sahələrdən çıxarılmaması vacibliyini vurğulayan təlimçi növbəli əkin sisteminin üstünlüklərini təlim iştirakçılarının diqqətinə çatdırıb. V. Məhərrəmov rayonun su potensialının az olduğunu nəzərə alaraq sudan qənaətlə istifadə olunmasını, bunun üçün mütərəqqi üsullardan, damcı-suvarma metodundan istifadəyə üstünlük verilməsini tövsiyə edib, örüşlərdə normadan daha çox heyvan sürülərinin otlarılması nəticəsində təbii otlaq sahələrinin eroziyaya məruz qalması, səhralaşması məsələlərinə toxunub.
Ətraf mühitin qorunması sahəsində bələdiyyələrin rolu barədə təlimçinin dünya təcrübəsindən gətirdiyi misallar, nümunələr böyük maraqla qarşılanıb.
Mayın 16-da isə Xaçmaz rayon Ləcət kənd tam orta məktəbində “Ekoloji Təhsil Günü”nə həsr olunmuş inşa müsabiqəsinə yekun vurulub. Münsiflər heyətinin qərarına əsasən, müsabiqədə 1-ci yerə Fətahov Faiq İlqar Oğlu, 2-ci yerə Nəbiyev Süleyman Cəbiyeviç, 3-cü yerə isə Əhmədxanova Ella Nərimanovna layiq görülüb. İnşa müsabiqəsinin yekununa həsr olunan tədbirdə Ləcət kənd icra nümayəndəsi Y. Xanmədov, Ləcət bələdiyyəsinin sədri M. Şahbazov, Ləcət kənd tam orta məktəbinin direktoru M. Xanmədova, layihə rəhbəri V. Məhərrəmov, İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti R. İmanov, məktəbin müəllim kollektivi, şagirdlər iştirak ediblər. Ləcət bələdiyyəsinin sədri Mizrə Şahvazov və layihənin rəhbəri Vahid Məhərrəmov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, ətraf mühirin qorunmasında yeniyetmə və gənclərin rolundan danışıblar.
Tədbirin sonunda qaliblər İqtisadi Tədqiqatlar Mərkəzinin xüsusi diplomu ilə təltif olunüb, qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Daha sonra ətraf mühitə həsr olunmuş məktəb sərgisində şagirdlərin əl işlərinə baxış keçirilib.