Ləcət bələdiyyəsi ərazisində iməcilik keçirilib
İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Bələdiyyələrin ətraf mühitin mühafizəsində rolunun gücləndirilməsi" layihəsi çərçivəsində iyulun 31-də Xaçmaz rayon Ləcət Bələdiyyəsində iməcilik keçirib.
Ləcət kəndinin mərkəzi küçəsində və Ləcət kənd tam orta məktəbin həyətində təşkil olunmuş iməcilikdə 20 nəfərdən artıq yeniyetmə, gənc və yaşlı nəslin nümayəndəsi iştirak edib. İməcilikdə Ləcət kənd bələdiyyəsinin, Ləcət kənd icra nümayəndəliyinin inzibati binaların yerləşdiyi ərazi, ətraf küçələr məişət tullantılarından təmizlənib və iki ay əvvəl adıçəkilən layihə çərçivəsində Ləcət kənd tam orta məktəbinin həyətində əkilmiş şam ağacları suvarılıb. Həmçinin məişətdə istifadə olunmuş çirkab sularının kəndin su arxları vasitəsi ilə axıdılmasının qarşısının alınması məqsədilə kəndin fəalları və ağsaqqalları ilə məsləhətləşmələr aparılıb.
İməcilik və məsləhətləşmələrdə Ləcət kənd icra nümayəndəsi Y. Xanmədov, Ləcət bələdiyyəsi sədrinin səlahiyyətlərini icra edən A. Xanmətov, layihə rəhbəri V. Məhərrəmov, layihə eksperti R. İmanov, bələdiyyə fəalları və yerli əhali iştirak ediblər.
Əlavə məlumat üçün layihənin əlaqələndiricisi Vahid Məhərrəmovla əlaqə saxlamaq olar.
Tel.: 564-86-85, e-mail: office@erc.az, vahid.58@mail.ru
İTM İctimaiyyətlə əlaqələr departamenti