Almaniyanın ölkəmizdəki səfiri İqtisadi Tədqiqatlar Mərkəzinə baş çəkib
Yanvarın 17-də Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri cənab Michael Kindsgrab İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ofisini ziyarət edib. İTM-in eksperti Qubad İbadoğlu səfirə Mərkəzin fəaliyyəti haqqında geniş məlumat verib, onu Azərbaycan və ingilis dillərində çap olunmuş nəşrlərlə tanış edib. Sonra Azərbaycanın mövcud iqtisadi durumu və Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) Koalisiyasının fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb. Səfirə son vaxtlar qəbul olunmuş yol xəritələri, manatın sabitləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı geniş bilgi verilib.
Səfir də öz növbəsində, Azərbaycan iqtisadiyyatının şaxələnməsi, qeyri-neft sektorunun inkişafının vacibliyini önə çəkib. Daha sonra vətəndaş cəmiyyəti sektorundakı vəziyyət müzakirə olunub, son 3 ildə QHT-lərinin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində həyata keçirilən qanunvericilik dəyişiklikləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda səfir İTM-in tarixini, missiya və məqsədlərini əks etdirən məlumat lövhəsi və sertifikatlarla tanış olub, ona bu barədə ətraflı məlumat verilib.
Görüşdə İTM-in İdarə Heyətinin sədri Qalib Toğrul, department rəhbəri Xanlar Məmmədov iştirak edib.