Aqrar sahənin inkişafında kənd bələdiyyələrinin rolu
“Bələdiyyələr kənd təsərüfatının inkişafına öz töhfələrini verməlidirlər”. Bu sözləri Milli Məclisin Regional Məsələlər Komitəsinin iclasında millət vəkili Fəttah Heydərov deyib. Millət vəkilinin sözlərinə görə, xüsusilə heyvandarlığın inkişafı üçün münbit şəraitin olduğu bölgələrdə otlaq sahələrinin ayrılmasına ehtiyac var.
Bələdiyyə məsələləri üzrə ekspert Rəcəb İmanov bildirdi ki, ilkin olaraq kənd bölgələrində olan bələdiyyələr kənd təsərrüfatı ilə bağlı məlumat bazaları hazırlamalıdılar: “Bu məlumat bazaları statistik məlumatlarla əsaslandırılmış şəkildə doldurulmalıdır. Bazada ərazidə olan təsərrüfatların sayı, onların hansı sahə üzrə məşğul olduqları, bazara çıxış imkanları kimi statistik məlumatlar olmalıdır. Düzdür, indinin özündə də bu cür statistik məlumatlar hazırlanır. Bəzən elə bələdiyyələrin özləri toplayıb aidiyyəti qurumlara verirlər. Ancaq biz dediyimiz varinatda məlumatlardan bələdiyyələr özləri üçün istifadə etməlidirlər.
İkinci mərhələdə həmin bazaya əsaslanaraq ərazilərdə olan kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə qısa, orta və uzun müddətli planlar hazırlanmalıdır. Eyni zamanda, həmin ərazidə yaşayan hər bir torpaq sahibi ilə müzakirə aparılmalı və bu istiqamətdə onlara tövsiyə xarakterli məsələhətlər verilməlidir. Lakin bütün bunlar deyildiyi qədər sadə məsələlər deyil. Bu işlərin həyata keçirilməsi üçün kifayət qədər maddi vəsait lazımdır. Söhbət kənd bələdiyyələrindən gedirsə, bugün onların əksəriyyətinin ofis yoxdur. İşçi-kadr potensialları da çox zəifdir. Odur ki, bu işlər görülüəcəksə, öncə bələdiyyələrin maliyyə təminatı məsələsi həll olunmalıdır”.
Mübariz BAYRAMOV,
“Mövqe” qəzeti, 26 yanvar 2017