Dövlət əhalini iqtisadi mafiyalardan necə qorumalıdır? – dünya təcrübəsi Azərbaycanda bazar qiymətlərini tənzimləyən nəzarət mexanizmi var, amma o mexanizmi işləməyə qoymayan səbəblər də var
Cəmiyyət mal və məhsulların pərakəndə satış qiymətindəki dəyişikliklərə həmişə həssasdır. Xüsusilə də ərzaq bazarındakı qiymət prosesi əhalinin geniş təbəqələrinin yaxından izləməyə məcbur olduğu sahədir. Son illərdə Azərbaycanda baş verən sosial-iqtisadi proseslər nəticəsində ərzaq qiymətlərinə yönəlik həssaslıq dəfələrlə artıb - azca da olsa artım olduqda, bu, insanların ailə büdcəsində ciddi şəkildə hiss olunur.
Buna görə də hökumətdən bazardakı bahalaşmalara qarşı mübarizə gözləntiləri xeyli böyükdür. Manatın məzənnəsindəki kəskin azalmaların bazara mənfi təsirləri fonunda bu gözləntilər də artır.
Qeyd edək ki, əksər ölkələrdə əsas tələbat mallarının qiyməti həssaslığına görə dövlət tərəfindən daim diqqətdə saxlanılır. Avropa ölkələrinin bir çoxunun qanunvericiliyində dövlətin əhalini bahalaşmalardan qoruyan tədbirlər nəzərdə tutulur. Belə tədbirlər əksər MDB ölkələrində də var. Məsələn, Rusiya və Qazaxıstanda pərakəndə ticarət fəaliyyətini tənzimləyən qanunlarda 1 ay ərzində sosial əhəmiyyətli məhsulların qiymətində artım 25-30 faizi keçdikdə dövlətə həmin məhsul üzrə 90 günlük qiymət maksimumu müəyyənləşdirmək səlahiyyəti nəzərdə tutulur.
Belarus qanunvericiliyində (“İctimai iaşə və ticarət fəaliyyətinin tənzimlənməsi haqqında” qanun, 2014-cü il) dövlətin bazara 2 cür müdaxiləsi nəzərdə tutulur: alış və satış. Alış o zaman həyata keçirilir ki, hansısa məhsulun bazar qiyməti yerli istehsalçıların xərclərini qarşılayacaq səviyyədən aşağı düşsün. Bu zaman Belarus Nazirlər Şurası həmin məhsulun tələbdən artıq hissəsini alaraq yerli istehsalçıları qoruyur. Satış intervensiyası isə 2 halda həyata keçirilir: hər hansı əsas tələbat malının qıtlığı yarandıqda, ikincisi isə hansısa məhsulun qiymətində kəskin bahalaşma olduqda.
Azərbaycan qanunvericiliyində necə, dövlətin (qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar istisna olunmaqla – D.S.) satış bazarına bahalaşmaya qarşı mübarizə məqsədli müdaxiləsinə imkan verən normalar varmı? Belə normalarla ifrat və iqtisadi əsası olmayan bahalaşmaların qarşısını almaq olarmı?
İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Qalib Toğrulun fikrincə, bu sahədə Azərbaycan qanunvericiliyinin əsas problemi ondadır ki, bazarda “istehlakçıların hüquqlarının qorunması” ilə “rəqabətin təmin edilməsi” anlayışları antiinhisar qanunvericiliyində eyniləşdirilir: ““İstehlakçıların hüquqlarının qorunması” geniş anlayış olsa da, çox təəssüf ki, bizim ölkəmizdə bu, daha çox süni qiymət artımına qarşı mübarizə kimi qiymətləndirilir. Əslində, istehlakçıların hüquqlarının qorunması üçün hökumətin bazara müdaxiləsinə ehtiyac yoxdur. İstehlakçıların hüquqları o zaman qorunur ki, orda özəl sektor təmsilçilərinin istənilən bazara sərbəst girişi və çıxışı, daha sadə şəkildə ifadə etsək, rəqabət mühiti təmin edilir. Qiyməti dövlət yox, dövlətin təmin etdiyi sağlam rəqabət tənzimləməlidir. Bax onda istehlakçıların da hüquqları qorunur, özəl sektorun da.”
“Konkret yağın qiymətindəki bahalaşma ilə bağlı qanunvericilik çərçivəsində hansı tədbirlər görülə bilər” sualına cavab verən mərkəz rəhbəri bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqların Müdafiəsi Dövlət Xidməti qanunvericiliyin verdiyi səlahiyyətlər çərçivəsində ən azından yağın istehsalı, idxalı və satışı ilə bağlı monitorinqlər keçirə bilərdi: “Monotorinqlərin keçirilməsi, xüsusilə ilkin istehlak malları bazarının daimi müşahidə altında saxlanması bu qurumun vəzifəsidir. Dövlət Xidməti indi məsələyə daha ciddi yanaşıb konkret yağın qiymətilə bağlı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması adı altında iş qaldıra bilər. Bu, ən mütərəqqi yoldur. Qanunvericiliyə görə, bu işin başlanılması üçün mətbuatda əsaslandırılmış bir yazının və ya xəbərin dərci yetərlidir. Dövlət Gömrük Komitəsinin rəsmi məlumatında yağın idxal dəyəri açıqlanıb və mətbuatda yağın pərakəndə satış qiymətləri ilə bu idxal qiyməti arasındakı kəskin fərqlə bağlı xeyli yazılar gedib. Dövlət Xidməti qiymətlərin endirilməsi ilə bağlı məcburi göstərişlər verə bilər və qiymətləri əsassız qaldıran şirkətləri cərimələyə bilər. Göründüyü kimi, rıçaq əslində var, sadəcə, işləmir.”
Q.Toğrul xatırlatdı ki, ölkədə müstəqil rəqabət qurumun yaradılması və Rəqabət Məcəlləsinin qəbul olunması birbaşa Prezidentin imzaladığı ən azı 3 sənəddə nəzərdə tutulub. Bunlar “Açıq hökumətin təşviqi ilə bağlı 2016-2018-ci illər üzrə Milli Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamıdır: “Hər 3 sənəddə ölkədə rəqabət mühitinin yaradılması ilə bağlı həm institusional, həm də qanunvericilik dəyişikliklərini nəzərdə tutan konkret hədəflər qoyulub. Təəssüf ki, hələ ki, real bir addım atılmayıb.”
Yeni Müsavat
Musavat.com