Vergi Məcəlləsi gələn il dəyişəcək
"Sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı Vergilər Nazirliyinə təqdim etdikləri təkliflərini təkliflərə baxılır". "APA-Economics"in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, hazırda sahibkarların təklifləri ilə bağlı nazirlik tərəfindən araşdırmalar aparılır (www.mks.az).
"Təkliflər əsasən ilk növbədə nağdsız ödənişlərlə, bu və ya digər əməliyyatların aparılması zamanı verilən sənədlərlə, vergi qanunvericiliyində müəyyən dəyişikliklərin aparılması, inzibatçılıqda müəyyən dəyişikliyin olması ilə bağlıdır. İnzibatçılığın sadələşdirilməsini istəyən kifayət qədər vergi ödəyiciləri var və bu istiqamətdə müəyyən işlər aparılır. Bu təkliflərin hər birinə diqqətlə yanaşılır və bundan sonra da yanaşılacaq. Bir ay ərzində biz bu təklifləri emal edəcəyik və təklifləri aidiyyatı üzrə müvafiq orqanlara öz rəylərini bildirmələri üçün təqdim edəcəyik. Razılaşdırmalardan sonra bu təkliflərə Milli Məclisdə büdcə zərfi ilə birgə baxılacaq", - deyə S.Ələkbərov vurğulayıb.
İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrul nazir müavininin çıxışını şərh edərkən deyib ki, Vergi Məcəlləsinə dəyişikliklər müvafiq qanunvericiliyə görə büdcə paketilə birgə olunmalıdır, Vergilər Nazirliyinin əvvəlki praktikadan imtina etməsi təqdirəlayiqdir. Qalib Toğrul hesab edir ki, əvvəlki illərdə ildə 4-5 dəfə, bəzən daha çox Vergi Məcəlləsinə dəyişiklik olunması sahibkarlar arasında çaşqınlıq yaradırdı, onlar bir dəyişikliyi öyrənib tətbiq etməmiş yenisi olunurdu.