Bələdiyyə xidmətlərinin göstərilməsində şəffaflıq müakirə olunub
17 avqust 2018-ci il tarixində Oğuz şəhərində bələdiyyələr üçün “Bələdiyyə xidmətlərinin göstərilməsində şəffaflıq və bələdiyyə üzv və qulluqçularının etik davranış qaydaları” adlı təlim keçirilib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov Açıq Hökumət Təşəbbüsü ilə bağlı İkinci Milli Fəaliyyət Planında bələdiyyələrlə bağlı nəzərdə tutulan öhdəliklərdən danışıb.
İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrul isə bələdiyyə qulluğuna qəbulun şəffaf keçirilməsini təmin etmək üçün müvafiq qanunvericiliyin tələbləri – vakansiyalara barədə elanın verilməsi, müsabiqə komissiyasının yaradılması, test suallarının tərtibi, müsahibənin təşkili, namizədlərin nəzəri və praktiki biliklərinin qiymətləndirilməsi və müsabiqənin nəticələrinin rəsmiləşdirilməsi barədə bələdiyyə üzv və qulluqçularına ətraflı məlumat verib. Onlara konkret formalarla işləmək bacarıqları öyrədib.
Təlimin ikinci hissəsində bələdiyyə üzv və qulluqçularını etik davranış normaları, qanunvericiliyin tələbləri, etik davranış meyarlarının hər biri barədə məlumat verilib və konkret misallar vasitəsilə sadə izahlar təqdim edilib.
Təlimin sonunda təlim iştirakçılarının mövzu ilə bağlı bilik və bacarıqlarının mənimsənilməsi vəziyyətinin yoxlanılması məqsədilə onlara tapşırıqlar verilib və nəticələr birlikdə müzakirə edilib.