Azərbaycan Dövlət Neft Fondu: böyük xərcləmələr və kəskin yoxsulluq
Qubad İbadoğlu, iqtisadçı-ekspert
100 milyard dollar neft pulu xərcləyən Azərbaycanın iqtisadiyyatı durumu pisləşir. Bunun başlıca səbəbi neft gəlirlərinin pis idarəolunmasıdır
Bir çox ölkələr üçün imkan rolunu oynayan neft və qaz gəlirləri Azərbaycana nə rifah, nə də demokratiya gətirməyib. Dövlətin neft fonduna 1 yanvar 2019-cu ilə qədər əsas neft yatağı olan Azəri-Çıraq- Günəşlidən (ACG) 138 milyard 209 milyon dollar vəsait daxil olub, hazırda Fondun aktivləri 38 milyard 988 mln. ABŞ dollarıdır. Nəzərə alsaq ki, aktivlərin bir hissəsi neft gəlirlərin idarəolunmasından əldə olunan gəlirlər hesabına formalaşıb, onda sual olunur ki, yalnız bir yataqdan-ACG-dən əldə edilən neft gəlirlərinin 100 milyard dollarını xərcləyən ölkə vətəndaşları bu dövdə nələr qazanıb?
Görsənən odur ki, 100 milyard dolları xərcləyən ölkədə vətəndaşlar işsizlik, yoxsulluqdan əziyyət çəkir və əmək miqrasiyasına üstünlük verərək, ölkəni tərk edirlər. Ölkədə səhiyyə və təhsil xidmətləri əlçatan olsa da keyfiyyəti çox aşağıdır və bu sahədə yaxşı xidmət bahalıdır. Neft gəlirlərinin çox hissəsinin regionlara və infrastruktur layihələrinə xərclənməsinə baxmayaraq, nəinki ucqar, hətta mərkəzi rayonlarda yaşayanlar hələ də keyfiyyətli yol, içməli su, kanaliziya imkanlarından mərhumdurlar. Rəsmi hesabatlarda guya ölkənin 95 faizinin qazlaşdırılması qeyd olunsa da, rayonlarda yaşayış məntəqələrinin bəziləri qazla təmin olunmur, ümumiyyətlə qaz təminatı keyfiyyətsiz və fasiləli olduğuna görə xüsusilə də qış aylarında əhali bu xidmətdən xeyli şikayətdir. Digər problem isə keyfiyyətsiz dəm qazının hər il onlarla can almasıdır.
Azərbaycanda ekoloji problemlər və bundan doğan şiş xəstəlikləri də artmaqdır. Hər 100 manatında 60 manatı birbaşa neft pulları hesabına formalaşan 2019-cu ilin büdcəsindən səhiyyəyə ayrılan vəsait cəmi büdcə xərclərində 4,2 faiz, ekologiya və ətraf mühitin mühafizəsinə ayrılan vəsait isə 0,06 faiz təşkil edir. Cari ilin büdcə xərclərinin hər 100 manatından 39 manat 90 qəpiyi tikintiyə yönələcək. Sovet dövründən klassik korrupsiya mənbəyi olan tikinti xərcləri büdcə xərcləmələrində uzun illər prioritet olmasına baxmayaraq, Azərbaycan ÜDM-in artım tempinə görə ötən MDB məkanında autsayder olub.
2015-ci ildə neft qiymətlərinin ucuzlaşmasının nəticəsi olaraq bir ildə aparılan iki devalvasiyanın fəsadları hələ də iqtisadiyyatda və əhalinin həyat səviyyəsində dərin izlər buraxıb. Bundan sonra 13 bank bağlanıb, problemli borclar kəskin sürətdə artıb, hazırda 1,7 milyard manatı ötür ki bu da kredit portfelinin 14 faizini təşkil edir. Bundan əlavə adambaşına ÜDM, orta aylıq əmək haqqının dollarla ifadə olunan göstəricisiləri kəskin şəkildə aşağı düşüb. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, Azərbaycanda orta aylıq əmək haqqının dollarla ifadə olunan alıcılıq qabliyyətinin aşağı düşməsi səbəbindən ötən 10 il ərzində ölkədə həyat səviyyəsi pisləşib. Belə ki, Azərbaycanlılar 4 il bundan əvvəllə müqayisədə hər ay 252 dollar, 10 il bundan əvvəllə müqayisədə isə hər ay 44 dollar az qazanır. Ötən il ölkədə orta aylıq əmək haqqı 318 dollar təşkil edib.
2014-cü ildə adambaşına ÜDM 7891 dollar təşkil etdiyi halda ötən il bu göstərici 4586 dollara qədər azalıb.Məhz bunun nəticəsində 2018-ci il Azərbaycan üçün Cənubi Qafqazdakı iqtisadi liderliyin sonuncu ili olub. Dünya Bankının 8 yanvar 2019-cu ildə dərc olunan "Qlobal iqtisadi perspektivləri"ndə təqdim olunan iqtisadi artım templərinə görə, cari ildə Azərbaycan Qafqazdakı iqtisadi liderliyinə son qoyulacaq. Adambaşına düşən ÜDM göstəricinə görə, Azərbaycan bu il Gürcüstandan, 2021-ci ildə də Ermənistandan geri qalacaq. 100 milyard dollardan çox neft pulunu xərcləyən Azərbaycanda iqtisadi artımın yaxın 4 ildə Ermənistan və Gürcüstanla müqayisədə 2 dəfəyədək aşağı olması səbəbindən ölkəmiz 2021-ci ildən sonra Qafqazda ən kasıb ölkə sayılacaq.
Azadlıqlar və demokratiya sahəsində mövqeyini qonşulara çoxdan uduzan Azərbaycanın iqtisadi sahədə də Gürcüstan və Ermənistandan geri qalması neft gəlirlərinin pis idarəçiliyinin və korrupsiyanın nəticəsidir.
Neft gəlirlərinin idarəçiliyində başlıca rol oynayan Dövlət Neft Fondu bu il belə acınacaqlı göstəricilərin fonunda 20 illik yubileyinə hazırlaşır. Ötən il ərzində müşahidə olunan yüksək neft qiymətləri hesabına yalnız AÇG yatağından 9 milyard 720 mln. ABŞ dolları qazanan Neft Fondunun cari il üçün maliyyə vəziyyəti neftin dünya bazar qiymətlərindən asılı olacaq. Bu il üçün Fondun büdcəsinin gəlirləri 15 450 149,7 min manat (9 088 323,3 min ABŞ dolları), xərcləri isə 11 595 238,4 min manat (6 820 726,3 min ABŞ dolları) məbləğində təsdiq edilib. Bu zaman dünya bazarında Azərbaycan neftinin hər barrelinin qiyməti 60 dollar götürülüb. Hazırda neft qiymətləri 60 dolların altındadır. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə bu il üçün orta qiymətin 55 dollar olacaq. Amma buna baxmayaraq, hətta qiymət 60 dollar olsa belə Azərbaycanda bu il əvvəlki illə müqayisədə neft gəliləri 1 milyard dollaradək azalacaq. Bunun başlıca səbəbi hasilatında da azalmasıdır. Ötən ilki neft hasilatını ondan əvvəlki il səviyyəsində saxlamağa müvəffəq olsalar da bu il ona nail ola bilməyəcəklər. Beləliklə də gözlənən odur ki, neft gəlirləri azalsa da korrupsiya miqyasları genişlənir, azadlıqlar daha məhdudlaşdırılır. Odur ki, nə qədər bu problemlər mövcuddur, bir o qədər də Azərbaycanlıların müstəqillik qazanandan bəri ürəyində qalan arzuları gerçəkləşməyəcək. Bir zamanlar bu ölkədə hamı hesab edirdi ki, əgər sərvətlərimizin sahibi özümüz olsaq, ölkəmiz Qafqazın İsveçrəsi olacaq. Müstəqilliyin bərpasından 27 il ötsə də Azərbaycanda xalq hələ də neft sərvətlərinə sahiblik edə bilmir, ona da milyonlar səltənəti yoxsullar ölkəsinə çevrilir.